“Bu, komanda üçün yaxşı çağırışdır. Bizim məqsədimiz ondan ibarətdir ki, Avroliqada mümkün qədər uzağa gedək”. Apasport.az saytının məlumatına görə, bunu İsveçin “Elfsborq” klubunun yarımmüdafiəçisi Adam Lundkvist deyib.
“Elfsborq”un futbolçusu Adam Lundkvist Avroliqanın II təsnifat mərhələsinin “İnter”lə ilk görüşü ərəfəsində müsahibə verib. Buros təmsilçisinin “20” nömrəli gənc futbolçusu “bankirlər”lə görüşün maraqlı keçəcəyini bildirib: “Beynəlxalq rəqibimizlə oyun çox maraqlı və sevincli olacaq. Çətin oyun olmaqla bərabər baxmaq maraqlı olacaq ki, görək, Avropa komandaları ilə müqayisədə necə çıxış edirik”.
Gənc futbolçu həmçinin ötən il Avroliqanın qrupunda olmalarından da danışıb: “Mənim “Valensiya”, “Latsio” və başqa böyük oyunlar haqqında bəzi xatirələrim var. Ötən il “Seltik”ə qarşı oynayanda komandada idim. Həmçinin Avroliqanın qrup mərhələsində 1 matç keçirmişdim. Bilirəm ki, avrokubok oyunları komanda və klub üçün həm maliyyə, həm də idman baxımından necə vacibdir...Avrokuboklardan qiymətli təcrübə toplamışam. İlk dəfə ötən il Avroliqada “Esbyerq”ə qarşı oynamışam. Bu mənim “Elfsborq” formasında ən yaxşı oyunlarımdan biri idi və həqiqətən bu görüşlə bağlı maraqlı təəssüratlarım qalıb. Eləcə də Lyej “Standard”ına qalib gəldiyimiz matç unudulmaz idi”.
Qeyd edək ki, bu gün “Buros-Arena”da baş tutacaq “Elfsborq” – “İnter” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.