“Neftçi” növbəti Bakı derbisində də meydana 1 braziliyalı müdafiəçisi olmadan çıxacaq. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunda “Bakı” ilə görüşdə cəzalı Bruno Bertuççinin xidmətindən yararlana bilməyən “ağ-qaralar” bu dəfə onun həmyerlisi Karlos Kardosonu itirib.
Belə ki, braziliyalı mərkəz müdafiəçisi son görüşün 43-cü dəqiqəsində baş hakim Əliyar Ağayevin qəzəbinə tuş gələrək növbəti vərəqəsini alıb. Bununla, mövsüm ərzində 8-ci sarı vərəqəsini alan Kardoso 3-cü dəfə (bir dəfə “Xəzər Lənkəran”la matçda (2:2) Ağabala Ramazanova qarşı etdiyi hərəkətə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb – red.) cəzalı duruma düşüb.
Qeyd edək ki, “Neftçi” növbəti tur turnir cədvəlində ən yaxın izləyicisi olan “İnter”in qonağı olacaq. Aprelin 12-də keçiriləcək paytaxt derbisi saat 17:00-da başlayacaq.