“Qalatasaray”a keçəcəyi gözlənilən portuqaliyalı futbolçu Uqu Almeyda yaxın günlərdə qərarını verəcək. Apasport.az saytının məlumatına görə, futbolçu klubun 2 şərti üzərində düşünür.
Almeydanın meneceri Ümit Akbulut “Qalatasaray”ın futbolçunun qərarını gözlədiyini təsdiq edib: “İki şərt var. Uqu onların üzərində düşünür. Ümid edirəm ki, bu problemi də həll edərik. O, 4 gündür İstanbuldadır və səbirsizliklə gözləyir. “Qalatasaray” şərtlərini irəli sürdü. İki maddə üzərində düşünürük. Amma onlar həll edilməsi mümkün olmayan problemlər deyil. Mən onu şərtləri qəbul etməyə çağırıram. Amma qərarı bütün hallarda özü verəcək. “Qalatasaray” bizi tələsdirmir”.
Akbulut Didye Droqbanın da Almeyda ilə bağlı böyük fikirdə olduğunu qeyd edib: “Droqba bizimlə telefonla danışdı. Almeydanın həqiqətən də “Qalatasaray”a keçmək istədiyi barədə soruşdu. Biz müsbət cavab verəndən sonra qərardan məmnun olduğunu və başqan Ünal Aysalla danışdığını, onun yerinə ən yaxşı futbolçunun Almeyda ola biləcəyini dediyini bildirdi”.