İtaliyanın “Udineze” futbol klubunun kapitanı Antonio di Natale Çinin “Quançjou Everqrand” futbol klubunun təklifini rədd edib. Apasport.az saytının məlumatına görə, çinlilər 36 yaşlı futbolçuya ildə 10 milyon avro məvacib təklif ediblər.
Di Natale qəti şəkildə Çinə getməyəcəyini bildirib. “Quançjou Everqrand” futbol klubunu onun həmyerlisi Marçello Lippinin çalışdırması faktı belə futbolçunun qərarını dəyişməsinə kömək etməyib.
Di Natale “Udineze”»də ildə 1,2 milyon avro qazanır. O, komandanın heyətində 2004-cü ildən çıxış edir. Hücumçu klubun heyətində 387 oyun keçirib və 205 qol vurub.
Dörd il əvvəl “Yuventus” və “Milan” da di Nataleni almağa cəhd ediblər. Amma hücumçu hər iki klubun təklifini rədd edərək “Udeneze”yə ömürlük sadiq olduğunu bəyan edib.