“Valensiya” futbol klubunun keçmiş prezidenti Xuan Soler həbs edilib. Apasport.az saytının məlumatına görə, Soleri adam oğurluğunda ittiham edirlər.
İspaniya polisi bildirib ki, “yarasaların” keçmiş prezidenti ondan sonra kluba rəhbərlik edən Visente Sorianonun oğurlanmasını təşkil edib. Rəsmi versiyaya görə, Soriano Solerə küllü miqdarda pul borclu olub. Yeni prezident klubun səhmlərinin nəzarət paketinə görə kompensasiyanı ödəməkdən imtina edirmiş. Pulunu ala bilməyən Soler isə Sorianonu cəzalandırmaq üçün onun oğurlanmasını təşkil edib.
Polis təsdiq edib ki, istintaqın əlində keçmiş prezidentin günahını sübuta yetirən videogörüntü var. Soler hələlik ifadə verməkdən imtina edir və ona ölkəni tərk etmək qadağan olunub. Öz növbəsində Soriano onunla hər şeyin qaydasında olduğunu və bu xəbərdən təəccübləndiyini bildirib.