[b] “Kimlərinsə “zakazı” ilə seçim aparsaq...” – Kamal Quliyev[/b]
08.06.2017 - 13:52
[b] “Kimlərinsə “zakazı” ilə seçim aparsaq...” – Kamal Quliyev[/b]

“Neftçi” klubunda Futbol Akademiyasının baş seleksiyaçısı vəzifəsinə yenicə təyin olunan Kamal Quliyevin apasport.az saytına müsahibəsi

 

- Əvvəla “Neftçi”də yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Paytaxt klubunda əsas işiniz nədən ibarət olacaq?

- Təbrikə görə, çox sağ olun. Burda bütün işləri futbol adına görəcəm. İstedadlı oyunçuları itirməməyə, onların potensialını daha da genişləndirməyə çalışacağıq. Həmçinin akademiya məşqçiləri ilə tez-tez görüşlər təşkil etmək, işlərinə elmi tərəfdən daha peşəkar yanaşmaları üçün kömək olmaq və məşqlərdə iştirak etmək vacib məsələlərdən biridi. Bəzən elə olur ki, hansısa uşaq seleksiya zamanı özünü yaxşı tərəfdən göstərə bilmir, amma onda keyfiyyət, qığılcım görsənir. Onları itirməmək üçün diqqətli olmalıyıq. Klubumuzda futbolun inkişafı üçün nə lazımdısa, onu da edəcəm.

 

- Artıq bir neçə gündü klubun bazasına gedirsiniz. Əldə etdiyiniz məlumatlara əsaslanaraq, “Neftçi”də gənc futbolçuların hazırkı durumunu necə dəyərləndirə bilərsiniz?

- Bildiyiniz kimi, məşqçilərin çoxu hazırda məzuniyyətdədi. Amma bir neçə yaş qrupunda seleksiya məşqləri başlayıb. Bu yaxınlarda Mahaçqalaya yola saldığımız U-14 komandamızın getməzdən əvvəlki ikitərəfli oyununa baxdım. Həmçinin U-19-un da məşqlərini izləmişəm. Hələ ki, bu iki yaş qrupuna baxa bilmişəm. Buna əsasən deyə bilərəm ki, akademiyamızda istedadlı, keyfiyyətli uşaqlar var. Sadəcə, onları düzgün yönəltməli və məşqləri ardıcıllıqla keçməliyik ki, perspektivlərini aça bilsinlər. Yaxşı futbolçu ola biləcək uşaqlar var. Hədəfimiz onları pillə-pillə hazırlayıb, əsas komandaya çıxarmaqdı.

 

- Gələcəkdə “Neftçi”də Kamal Quliyev, Zaur Tağızadə, Samir Əliyev səviyyəsində futbolçuların olması üçün hansı işlər görülməlidi?

- Adlarını çəkdiyiniz futbolçuları yenidən görmək üçün qollarımızı çırmalayıb, vicdanla iş görməliyik. İstər Kamal Quliyev, istərsə də, aşağı yaş qruplarındakı məşqçilərimiz olsun, “Neftçi” ailəsində çalışan hər kəs işini sevərək, vicdanla görəcək. Futbolçular arasında ayrı-seçkilik aparmadan, kiminsə tapşırığı ilə oyunçu götürmədən, alın tərinin qazancı ilə istedadlıları ortaya çıxaracağıq. Belə olarsa, dediyiniz səviyyədə oyunçuları “Neftçi”də görə biləcəyik. İşimizə peşəkar yanaşmasaq, kimlərinsə “zakazı” ilə seçim aparsaq, heç nə qazanmarıq. Burda belə şey olmayacaq.

 

- “Neftçi”nin əsas komandası ilə hər hansı bir əlaqəniz olacaqmı?

- Xeyr, heç bir əlaqəm olmayacaq. İnanıram ki, akademiyadakı uşaqlar əsas komandanın uğurlu çıxışlarına baxıb, işlərinə daha həvəslə yanaşacaqlar. İnşallah, gələn mövsümdən əsas komandamız uğurlu çıxış edər və bu, akademiyamızdakı yeniyetmələrə örnək olar.

 

- Ancaq ötən mövsüm “Neftçi” olduqca uğursuz nəticələr göstərdi. Bu, akademiyadakı oyunçulara psixoloji cəhətdən mənfi təsir göstərməz?

- Ümid edirəm ki, əsas komandada işlər yoluna düşər. Uşaq futbolu tam başqadı. O uşaqları sırf peşəkarcasına, yaxşı mühitdə yetişdirəcəyik. Kim güclüdüsə, oynayacaq, zəif olan kənarda qalacaq.

 

- “Neftçi”nin həm futbolçusu, həm də məşqçisi olmusunuz. Bu komandanın baş məşqçisi Elxan Abdullayev müraciət edərsə, ona kömək etməyə hazırsınızmı?

- Elxan Abdullayev eyni zamanda milli komandamızda köməkçi məşqçidi. Futbol savadı yerində, böyük təcrübəyə malik mütəxəssisdi. Əlbəttə ki, müraciət olunarsa, bir qardaş, dost, yoldaş kimi əlimdən gələn köməkliyi bacardığım qədər etməyə hazıram. Çünki “Neftçi”nin uğur qazanmasını çox istəyirəm.

 

- “Neftçi”yə təyinatınız hələ rəsmiləşməmişdən sizin gələcəkdə Elxan Abdullayevi əvəz etmək üçün kluba gətirildiyinizlə bağlı söz-söhbətlər yaranmağa başladı. Buna münasibətiniz necədi?

- Belə söz-söhbətlər ürək bulandırır və mənim işimə xələl gətirə bilər. Komandamızın baş məşqçisi var və bu məsələdə söz sahibi odu. Mənim işim akademiyada olacaq. Əsas komandaya heç bir qarışacağım yoxdu. İstəmirəm ki, kimsə uğursuzluqla yadda qalsın. Belə dedi-qodular klubdaxili ab-havanı pozur.

 

- Bəlkə bu söz-söhbətlər elə klubdakı ab-havanı pozmaq üçün ortaya atılıb?

- Əlbəttə, ola bilər. Haqqımda elə tip söhbətlər yazırlar ki... Bunlar klubdakı işimdə problemlər yaratmaq cəhdləridi. Klub rəhbərliyi ilə münasibətimin pozulması üçün bəzi xəbərlər yazırlar. Mən belə xəbərlərə “zakaz” yazılar deyirəm. Nə desən gözləmək olar. Klub rəhbərliyi bu vəzifəni bizə həvalə edibsə, işimizi də ləyaqətlə yerinə yetirəcəyik. Heç nə, heç kim əbədi deyil, hamı müvəqqətidi. Bizdən sonra gələnlər də bu işi müəyyən məsafəyə qədər aparacaq. Belə söz-söhbətlər mənə də xoş gəlmir. Əksinə, əl-ələ verib “Neftçi”nin uğurları üçün çalışacağıq.

 

- “Neftçi” transferlərdə bir qədər yubanır. Sizin də ölkə xaricində müəyyən əlaqələriniz var. Ehtiyac olarsa, komandaya məsləhət görə biləcəyiniz əcnəbi futbolçular varmı?

- Bəli, müraciət olunarsa, bu yöndə köməklik edə bilərəm. Düzdü, bu, mənim işim deyil. Amma ehtiyac olarsa, “Neftçi” üçün niyə də bu işi görməyək?

 

Ruslan SADIQOV