[b]“Bizə yuxarıdan aşağı baxırlar” – Səlahət Ağayev[/b]
05.10.2016 - 16:10
[b]“Bizə yuxarıdan aşağı baxırlar” – Səlahət Ağayev[/b]

“İnter” klubunun və Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi

 

- Milli Norveçlə oyunun hazırlığına başlayıb. Komandada vəziyyət necədi?

- Üç gündü təlim-məşq toplanışına yığışmışıq. Hazırlıq plan üzrə davam edir. Millinin düşərgəsinə dəvət olunan futbolçu burda ikiqat əzmlə çalışır. Yorğunluq yoxdu. Hamı  həvəslidi, çalışırıq milliyə kömək edək.

 

- Baş məşqçi Robert Prosineçki Norveçlə görüşdə nələrə diqqət etməyi tapşırır?

- Hələ xüsusi tapşırığı yoxdu. Oyuna bir neçə gün var. Yəqin ki, matça 1-2 gün qalmış nəyə diqqət etməli olduğumuzu bizə çatdıracaq.

 

- Seçmə mərhələdə ilk ev oyunumuzdu. Adətən, başladığın kimi də davam edirsən. Uğurlu başlanğıc üçün hazırsınızmı?

- Bir istəyimiz var - qələbə qazanmaq. Oyundan 1 həftə əvvəl yığışmağımız da buna xidmət edir. Komanda olaraq, istəyimizə nail olmaq üçün mübarizəmizi davam etdirəcəyik. Evdə oynamağımız məsuliyyətimizi daha da artırır.

 

- Mətbuatı izləyirsinizmi? Norveç tərəfinin açıqlamalarından xəbəriniz varmı?

- Oxuyuruq, danışırlar da... Hörmətlə yanaşmaq lazımdı. Qoy, onlar elə bilsinlər. Biz öz-özümüzdə ciddi hazırlaşacağıq. Sözlə yox, əməllə sübut etmək lazımdı.

 

- Çox iddialıdırlar...

- Oktyabrın 8-də hər şey görünəcək, aydın olacaq. Yenə deyirəm, meydanda onların cavabını vermək lazımdı.

 

- Bu cür saymazyana açıqlamalar sizi qıcıqlandırmır?

- Bu, onların fikirləridi. Heç kim deyə bilməz ki, bu cür açıqlama verməyin, danışmayın. Onların belə düşünmələri bizə kömək edə bilər. Bizə yuxarıdan aşağı baxırlar, baxsınlar. Qalib gəlib, norveçliləri peşman etməliyik.

 

- Bakı Olimpiya Stadionu azarkeş toplamaq baxımından problemli məkandı. Norveçlə oyunda millini dəstəkləmək üçün təxminən nə qədər azarkeşin gələcəyini gözləyirsiniz?

- Stadionun dolub-dolmayacağını bilmirəm, amma az adamın gələcəyinə də inanmıram. Çünki milli uzun müddətdi doğma meydanda oyun keçirmir. Bu baxımdan, xeyli insanın gələcəyinə ümid edirəm. Nə qədər çox azarkeş gəlsə, komandamız, ölkəmiz üçün müsbət məqamdı.

 

- Millidə əsas rəqibiniz Kamran Ağayevdi. Portuqaliyaya yollanan Ağayev son matda penalti dəf etməklə gündəmdədi. Bu məqam sizin kölgədə qalmağınız anlamına gəlirmi?

- Heç bir narahatlıq yoxdu. Kamran və ya Anar olsun, milliyə dəvət ediliblərsə, deməli, layiqdirlər. Qapıda kimin dayanmasından çox, millinin uğur qazanması vacibdi. Heç kim əlini daşın altına uzatmaqdan çəkinmir.

 

- Norveçlə oyundan 3 gün sonra Çexiya millisi ilə qarşılaşacaqsınız. Bu komanda haqda hansı bilgilərə sahibsiniz?

- İndidən Çexiya haqda danışmaq, düşünmək düzgün deyil. Bizi Norveçlə oyun düşündürür. Bütün hazırlığımız ev oyununa hesablanıb. Addım-addım irəliləyək. Bu görüşdən sonra Çexiya haqda danışmaq olar.

 

- Premyer Liqada I dövrə başa çatdı. “İnter”in çıxışını uğurlu saymaq olarmı?

- “İnter” yerli futbolçulardan yığılıb. Çempionat başlamamış çox söz-söhbətlər dolaşdı. Əksəriyyət deyirdi ki, komanda nəticə qazana bilməyəcək, çünki əksəriyyət yerlilərdi. Maşallah, “İnter” bir ailə kimidi. Yerli uşaqlar sübut edir ki, biz də futbol oynaya bilirik. Əvvəllər komandada əcnəbilər toplaşmışdı, “İnter”in adı gələndə göz önünə legionerlər gəlirdi. Ancaq bu gün komandanın simasını yerli futbolçular təşkil edir. Cəmi 3 legionerimiz var, onlardan da 1-i oynayanda 2-si ehtiyatda qalır və ya əksinə. Nəticələrimiz göz qabağındadı. Bu seriyanı finişə qədər davam etdirmək istəyirik.

 

- Mövsümün əvvəlində hamı “Qarabağ” və “Qəbələ”dən danışırdı. “İnter”i yada salan yox idi. Gizli favorit olduğunuzu demək olarmı?

- “Qarabağ”dan və ya “Qəbələ”dən güclü olduğumuzu deyə bilmərəm. 8 komandanın olmasının müsbət məqamları da var. İndi adlarını çəkdiyim 2 klubu çıxmaqla, qalan komandalar bir-biriylə eyni səviyyədədirlər. Çempionat zəif deyil, rəqabət artıb. İndi 1 xal qazananda turnir cədvəlində mövqeyini dəyişirsən. Asan rəqib, ya xal alacağın komanda yoxdu. Ən azı avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq.

 

- Kluba transfer qadağasının qoyulması gələcəkdə problem yarada bilərmi?

- Heyətimiz komplektləşib. Hər mövqeyə 2-3 oyunçumuz var. Öz adımdan deyə bilərəm ki, problem yoxdu. Bəlkə də komandanın xeyrinə olacaq. Çünki bu heyətin ən azı 2 il bir komandada oynamaq şansı artdı. Ola bilər, kiminsə müqaviləsi başa çatsın və o, getmək istəsin. Bu, həmin futbolçunun şəxsi qərarı olacaq. Bir də, indiki məqamda komandaya hazırkı heyətdəkindən güclü futbolçu gəlməyəcək.

 

- Son 3 mövsümün hegemonu “Qarabağ”ın büdrəməsi yeni çempionun olacağına işarədirmi?

- “Qarabağ” zəif komanda deyil. Top-klublardan “Barselona”da da analoji hal yaşanır. İki oyunda uduzmaları zəiflədikləri anlama gəlmir. Razıyam, “Qəbələ” iddialıdı, I dövrədə qol buraxmayıb. Onlar da çempion ola bilərlər.

 

0