“Keşlə” klubunun rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi
- Qış fasiləsində əvvəlcə Bakı, ardınca Antalyada toplanış keçdiniz. Komanda çempionatın ikinci yarısına tam hazırdımı?
- Bakıda bir neçə gün məşq etdikdən sonra Türkiyəyə yollandıq. Toplanış əla keçdi. Çempionatın ikinci yarısına çox yaxşı hazırlaşdıq. Tam hazır olduğumuzu əminliklə deyə bilərəm.
- Üçüncü dövrədə ilk oyunu turnir cədvəlində sizə qonşu olan “Səbail”ə qarşı keçirəcəksiz. Bu görüşdə hansı nəticəyə ümid edirsiz?
- İlk növbədə, yaxşı oyun göstərmək lazımdı. Təbii ki, 3 xala ehtiyacımız var və meydana qələbə üçün çıxacağıq. Başqa seçimimiz yoxdu. Üçüncü dövrənin ilk turlarında bizə qonşu olan komandalarla qarşılaşacağıq. Deməli, bundan maksimum istifadə etmək lazımdı. Qış fasiləsində heyətə yeni futbolçular qoşuldu. Onların gəlişindən sonra “Keşlə” ötən illə müqayisədə daha güclü oyun göstərməlidi.
- Yeri gəlmişkən, qış fasiləsində “Keşlə”yə yeni futbolçular - Kamran Ağayev, Məqsəd İsayev, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon, Vaqif Cavadov və Sezar Meza Kolli qoşuldu. Onların gəlişi komandanı gücləndiribmi?
- Klub qışda bir neçə futbolçu ilə yollarını ayırdı. Əvəzində yeni oyunçular gəldi. Hamısını yaxşı transfer sayıram. Onların “Keşlə”yə köməyi dəyəcək. Bu il çox güclü olacağıq. Yaxşı futbolçulardan ibarət kollektivimiz var və bu heyətlə uğurlu nəticəyə imza atmaq istəyirik.
- Baş məşqçi Yuri Maksimovun komandanın əvvəlki çalışdırıcılarından fərqi nədədi? Ukraynalı mütəxəssis sizdən daha çox nə tələb edir?
- Maksimov hücum futbolunun tərəfdarıdı. Çempionatın ikinci yarısında daha çox hücum edəcəyik. Amma bu o demək deyil ki, müdafiəni unudacağıq. Arxa xətdə də etibarlı oynamaq lazımdı. Əks təqdirdə, istədiyimiz nəticələrə imza ata bilmərik.
- Çempionatda qış fasiləsinə 7-ci pillədə yollanan “Keşlə” ölkə kubokunda yarımfinala adlayıb. Bundan sonra əsas hədəfinizin kuboku qazanmaq olduğunu deyə bilərikmi?
- Çempionatda hansı yerlər uğrunda oynayacağımızı demək çətindi. Amma qələbələr qazanmağa çalışacağıq. Nə qədər çox xal toplasaq, turnir cədvəlində vəziyyətimiz bir o qədər yaxşılaşar. Təbii ki, əsas hədəfimiz kubokla bağlıdı. Yarışın finalına çıxmaq istəyirik.
- Bunun üçün isə yarımfinalda “Sumqayıt”ı mübarizədən kənarlaşdırmaq lazımdı…
- “Sumqayıt” güclü rəqibdi. Unutmayaq ki, bu komanda əvvəlki mərhələdə “Qarabağ”ı üstələyib. Deməli, işimiz çox çətin olacaq. İndiki məqamda şanslar bərabərdi. Bizim kimi, “Sumqayıt” da heyətinə yeni futbolçular qatıb. Qış fasiləsinə qədər “Keşlə”nin formasını geyinmiş Elnur Abdullayev artıq “Sumqayıt”ın üzvüdü. Elnur mənim dostumdu, yaxşı futbolçudu, amma bu, heç nəyi dəyişmir. “Sumqayıt”a hörmətlə yanaşırıq. Lakin qələbə “Keşlə”nin olmalı, finala biz adlamalıyıq.
- Azərbaycan klublarından kim qış fasiləsində etdiyi transferlərlə diqqətinizi daha çox çəkdi?
- Əksər klublar yeni futbolçular götürdülər. Yeni gələnlər yaxşı transferlər ola bilərlər. Bunu zaman göstərəcək. Amma məni daha çox “Keşlə” maraqlandırır. Fikrimi öz komandamıza yönəltmişəm.
- “Keşlə” ilə müqavilənizin müddəti yaya kimidi. Mövsümün sonunda hansı qərarı verəcəyinizi müəyyənləşdirmisiz?
- Artıq klubdakı vəziyyət müsbətə doğru dəyişib. Yeni transfer edildi, maaşları vaxtında alırıq, peşəkarlıq yüksək səviyyədədi. Bir sözlə, hər şey qaydasındadı. Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdı və bunu bacaracaq gücdəyik. Cari mövsüm bitdikdən sonra da “Keşlə”də qalmaq istəyərəm. Amma ölkə kubokunun finalına adlamaq və avrokuboka vəsiqə qazanmaq çox önəmlidi.
- “Keşlə” avrokuboka vəsiqə əldə edə bilməsə, komandadan gedəcəksiz?
- Bu, bir çox şeydən asılıdı. İndiki halda qalmaq fikrindəyəm. Əminəm ki, çempionatın ikinci yarısında komandamız ötənilkindən çox yaxşı oyun göstərəcək.
Tengiz MƏMMƏDOV
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA