[b]“Hazırkı çempionat əvvəlkilərdən çox fərqlənir” - MÜSAHİBƏ[/b]
18.11.2017 - 11:28
[b]“Hazırkı çempionat əvvəlkilərdən çox fərqlənir” - MÜSAHİBƏ[/b]

“Yasamal”la oyundakı qələbə sayəsində ikinci pillənin sahibi “Marafon Futsal”la xallarını bərabərləşdirən, amma şəxsi oyunlara görə üçüncü pillədə qərarlaşan EKOL-un oynayan məşqçisi Radik Əhmədov AFF-nın rəsmi feysbuk səhifəsinə müsahibə verib. Apasport.az saytı xəbər verir ki, o, bir çox məqamlara toxunub.


- “Yasamal” komandanıza həyəcanlı dəqiqələr yaşatdı...
- Bu oyunla birinci dövrəyə yekun vurduq. Bütün matçları diqqətlə izləyir, rəqibləri tanımağa çalışırdım. “Yasamal”la oyunun da çətin keçəcəyini bilirdik, çünki komandanın özəyini iranlı legionerlər təşkil edir. Bizim məqsədimiz çempionluq uğrunda mübarizə aparmaqdı. Birinci dövrə başa çatsa da, hələ heç nə itirilməyib. 


- Birinci dövrəni hədəflədiyiniz pillədə başa vurdunuz?
- İki oyunda məğlub olduq, qalan 4 matçı qalib başa vurduq. Dövrəni aşağı-yuxarı təxmin etdiyimiz kimi qapadıq. Son oyunda qələbə qazanmaqla turnir cədvəlindəki yerimizi bir qədər möhkəmləndirdik. 


- Çempionluq haqda danışarkən əksər komandalar “Araz”ı artıq zirvədə görürlər və digər mükafatlar uğrunda yarışacaqlarını deyirlər. EKOL “Araz”ı rəqibləri sırasında görürmü?
- Bir məsələni qeyd edim. Hazırkı çempionat əvvəlki illərdəki yarışlardan çox fərqlənir. İndi hansısa oyunda asan qələbə qazanmaq, hansısa komandanı böyük hesabla üstələmək çətindi. İstənilən halda, çempionata “Araz”sız hazırlaşmamışıq. Əksinə, əsas rəqiblərimiz sırasında onları görmüşük. Güclərinə bələdik, millinin üzvlərinin və legionerlərin çox olması onlarla qarşılaşmada gücümüzü 100 faiz səfərbər etməyə vadar edir. Halbuki digər matçlarda bu göstərici 70 faizə bərabər olur. 


- Növbəti turda məhz “Araz”la qarşılaşacaqsınız. Onlar da son oyunda “Xəmsə”ni 16:0 hesabı ilə yendilər. Bu nəticə EKOL-u qorxutmur?
- Niyə qorxaq? “Xəmsə”nin gücünə bələdik, onlar məhdud heyətlə mübarizə apardılar, qapıçıları da cəzalı idi. Əslində, “Araz”ın bu cür oynayacağını gözləyirdik. Bu oyuna hazırlaşmaq üçün vaxtımız var. Qazanacağımız xal çempionatdakı mövqeyimizə, məqsədimizə ciddi təsir edəcək. 
 

- “Araz”ın üzvləri rəqiblərin onlara qarşı qapalı oyun nümayiş etdirməsindən şikayət edir. EKOL “Araz”la açıq oyuna üstünlük verəcəkmi?
- “Araz”ın hücum xətti çox güclüdü. Bəli, buna görə də əksər komandalar müdafiədən oynayır və əks-hücumlarda onları cəzalandırmağa çalışırlar. Bizə gəldikdə, oyunun 50 faizini müdafiədən quracağıq. Çünki hücumçularının keyfiyyətinə bələdik. Bu dueldən əliboş ayrılmaq istəmirik. 


- VIII turda məhz bu duel canlı yayımlanacaq. Bu, əlavə təzyiq yaradırmı?
- Bu ilə qədər çempionatımızla bağlı geniş məlumatlara rast gəlmirdik. Artıq bu sahədə də ciddi irəliləyiş var. Oyunlar canlı yayımlanır, media nümayəndələri zallara gəlir, baş verənləri işıqlandırır, müsahibələr alır. Vaxt var idi, futzal deyəndə ancaq “Araz” ağıla gəlirdi. Ancaq indi komandaları tanıyırlar. Hətta tanımadığım insanlar belə, bəzən oyunla bağlı sual verirlər. Bunun medianın əməyinin nəticəsi olduğunu anlayırsan. Təbii ki, bu, məsuliyyətimizi artırır. Çünki bizi yalnız zalın daxilindəkilər yox, televiziyadan da izləyirlər.

0