[b]“Kəpəz” hələ belə biabırçılıq görməmişdi: 6 gündə 7 qol[/b]
11.04.2016 - 15:17
[b]“Kəpəz” hələ belə biabırçılıq görməmişdi: 6 gündə 7 qol[/b]

Topaz Premyer Liqasına cari mövsüm qayıtmasına baxmayaraq, mükafatlar uğrunda mübarizə aparan “Kəpəz” son iki turda ağır zərbə alıb. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin yetirmələri ardıcıl iki çempionat oyununda böyük hesabla uduzaraq, klub tarixinin antirekordunu təkrarlayıb.

 

Qərblilər 6 gündə 7 cavabsız qol buraxmaqla, acınacaqlı məğlubiyyətlər alıb. Aprelin 3-də AZAL-ın “3” verdiyi “Kəpəz” ayın 8-də “Qarabağ”dan 4 cavabsız qol “yeyib”.

 

Azərbaycanın ən köklü və titullu klubları sırasında olan Gəncə təmsilçisi ölkə çempionatlarında ən acınacaqlı durumu ilə üzləşib. Belə ki, qərblilər heç vaxt 2-dən artıq oyunda böyük hesabla uduzmayıb.

 

1992-ci ildən keçirilən çempionatımızda ən çox çıxış edən 3-4 klubdan biri olan “Kəpəz” indiki kimi dörd dəfə ardıcıl iki darmadağın yaşayıb.

 

Qərblilərin ilk belə üzüntüsü 2000/01 mövsümünə təsadüf edib. Həmin vaxt – 15 il öncə martın 8-də Bakıda “Xəzər Universiteti”ndən (indiki “İnter”) 3 cavabsız qol buraxmışdı. 4 gün sonra isə “Şəmkir” Gəncədə 3 qol vurmaqla, “Kəpəz”i tarixində ilk dəfə ardıcıl iki darmadağın yaşamağa məruz qoyub.

 

Cəmi iki il sonra gəncəli futbolsevərləri daha acınacaqlı məğlubiyyətlər məyus edib. 2003/04 mövsümündə uğursuz çıxış edən “Kəpəz” 2003-cü il iyulun 2-də öz meydanında “Dinamo”ya 1:4 uduzduqdan 3 gün sonra Bakıda “Xəzər Universiteti” tərəfindən rüsvay edilib – 8:0.

 

Komandanın “Gəncə” adı ilə çıxış etdiyi 2005/06 mövsümü ilə bağlı da acı xatirələri var. 2006-cı il martın 25-də “Neftçi” ilə ev oyununda 5 cavabsız qol buraxan qərblilər ayın 29-da Bakıda eyni hesabla uduzdu. Əvvəlki 3 uğursuzluqlarda olduğu kimi bu dəfə də “İnter” iki məğlubiyyətdən birinin səbəbkarı olub.

 

AZAL-la “Qarabağ”dan 7 cavabsız qol buraxan “Kəpəz” sonuncu dəfə böyükhesablı yenilgiləri sıralaması isə 2011/12 mövsümündə qeydə alınmışdı. 2011-ci il dekabrın 11-də səfərdə “Sumqayıt Şəhər”ə, növbəti turun ayın 16-dakı matçında evdə “Xəzər Lənkəran”a uduzan gəncəlilər ardıcıl iki dəfə 1:4 hesabına üzülüb.

 

Antirekordu 5-ci dəfə yaşayan “Kəpəz” növbəti turda “İnter”lə qarşılaşır. Həmin rəqib ki, bu “mini-seriya”ların üçündə iştirak edib. Əgər qərblilər böyük hesabla uduzsa, antirekordunu yeniləyəcək.

 

0