“Bruno Bertuççi komandamızın düşərgəsində olsa da, başqa kluba keçə bilər. Onu istəyən Braziliya klubu ilə danışıqlar davam edir”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Bertuççinin vətəni Braziliyada oynaya biləcəyini deyən klub rəsmisi bu məsələnin yaxın 3-4 gün ərzində həll ediləcəyini bildirib: “Braziliya təmsilçisi bizdən vaxt istəmişdi. Onlar danışıqlara görə Bertuççinin vətənində qalmasını xahiş etmişdilər. Amma biz razılaşa bilməzdik. İndi futbolçu komanda ilə birgə toplanışdadır. Braziliyalılara iyunun 20-dək vaxt vermişik. Həmin gün onlar bizə son qərarlarını deyəcəklər”.
Süleymanov Julius Vobay, Erik Ramos və Cavid İmamverdiyevlə bağlı olan son vəziyyətə də aydınlıq gətirib: “Vobayla danışdıq və “Neftçi”də qalmasını qərara aldıq. O, özü də bunu istəyir. Ramosun məsələsinə gəlincə, bu, onun özündən asılıdır. Ramosun klubu onu buraxmaq istəmir. Böyük ehtimalla, o, növbəti mövsümdən “Neftçi”də olmayacaq. Onun geri qayıtması üçün çox cüzi ehtimal var ki, bu da ancaq futbolçunun öz fədakarlığı sayəsində ola bilər. İmamverdiyev isə çox güman “Ankaraspor”da oynayacaq. Çünki onun icarə əsasında Türkiyə klubuna getməsi üçün iki klub razılıq əldə edib. Yalnız müqavilə imzalamaq qalıb ki, onun da yaxın günlərdə həll olunması gözlənilir”.
Klub rəsmisi yeni transferlərin olacağını və bu yöndə işlərin davam etdiyini söyləyib: “1-2 legioner gələ bilər. Bu legionerlərdən birinin gəlməsi Bruno Bertuççidən asılıdır. Əgər komandadan gedərsə, onun yerinə futbolçu alınacaq”.