[b]“Qarabağ” - “Anderlext” matçında 1 qol vurulacaq?[/b]
30.09.2015 - 13:16
[b]“Qarabağ”  - “Anderlext” matçında 1 qol vurulacaq?[/b]

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Anderlext” matçı Azərbaycan və Belçika təmsilçilərinin 7-ci dueli olacaq. Apasport.az saytının məlumatına görə, iki ölkə təmsilçilərinin əvvəlki duellərində maraqlı tendensiya müşayiət edilir.

 

Belə ki, komandalarımız evdə keçirdiyi bütün oyunlarda eyni – 1:0 hesabı ilə qalib gəlib. Elə “Qarabağ”la “Anderlext”in özü də bu ənənədə iştirak edib.

 

2005/06 mövsümündə Çempionlar Liqasında “Neftçi”nin qonağı olan Brüssel klubu Bakıdan məğlub ayrılmışdı. Həmin qələbə qolunu Vadim Borets vurmuşdu. 2011/12 mövsümündə isə “Qarabağ” Belçikanın digər adlı-sanlı klubu “Brügge”ni Avropa Liqasının oyununda üstələmişdi. Təmsilçimizin həlledici qoluna Bəxtiyar Soltanov imza atmışdı.

 

Düzdü, bu 1:0 hesablı qələbələrin hər ikisi cavab oyununda əldə edilib. Hər iki halda da belçikalıların evdəki böyükhesablı qələbəsindən sonra taleyi həll olunan cütdə təsəlli xarakteri daşıyıb.

 

2008/09 mövsümündə isə İntertoto kubokundakı qələbə isə daha dəyərli olub. Səfərdəki heç-heçədən (1:1) sonra evdə qazanılan uğur “Neftçi”nin “Jerminal”ı keçməsində böyük rol oynayıb. 7 il əvvəl bakılıların heyətində Elnur Allahverdiyev fərqlənib.

 

Maraqlıdı ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov təmsilçilərimizin belçikalılarla 6 oyunun hamısında iştirak edib və hər üç qələbədə pay sahiblərindən olub.

 

Ümumilikdə isə 6 oyunda komandalarımız 3 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqində isə belçikalılar öndədi – 10:5.