[b]“Qarabağ” Dinonun gedişinə razılaşıbsa...” - MÜSAHİBƏ[/b]
18.01.2018 - 17:42
[b]“Qarabağ” Dinonun gedişinə razılaşıbsa...” - MÜSAHİBƏ[/b]

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

 

- Təlim-məşq toplanışını Bakıda keçirən klubların yoxlama oyunlarını izləyirsiniz. Gördüklərinizə əsasən hansı qənaətə gəlmisiniz?

- Xoşumuza gələn odu ki, klublarımız bu toplanışa çox ciddi yanaşırlar və fasilə müddətindən maksimum yararlanmağa çalışırlar. Bu da onu göstərir ki, çempionatın davamı gərgin mübarizə şəraitində keçəcək. Avrokuboka düşməyə və elitanı tərk etməyə namizədlər arasında güclü rəqabət gedəcək.

 

- Hansı klub transferləri ilə sizi təəccübləndirib?

- Qışda səviyyəli transferlər etmək çox çətindi. Buna görə də klublarımız ehtiyatlı davranırlar. Böyük səs-küy yaradacaq transfer hələ olmayıb. Bu da ondan irəli gəlir ki, komandalarımız çox götür-qoy edirlər. Bu, iddialılarla yanaşı, ortabab və autsayderlərə də aiddi. Baş tutan transferlərin isə nə dərəcədə faydalı olacağını zaman göstərəcək.

 

- “Qarabağ” aparıcı futbolçusu Dino Ndlovu, “Zirə” isə lideri Təmkin Xəlilzadə ilə vidalaşdı. Hansının gedişi sabiq komandasına çətinlik yarada bilər?

- “Qarabağ” Ndlovunun gedişinə razılaşıbsa, deməli, ondan qat-qat səviyyəli hücumçu gətirmək istəyir. Bu klubun son dövrlərdəki transfer siyasətinə nəzər salsaq görərik ki, “Qarabağ” ildən-ilə Azərbaycan futboluna daha yaxşı legionerlər bəxş edir. Dinonun ayrılığı da hesablanmış addımdı. Təmkinə gəlincə, o, ölkənin ən istedadlı sol cinah müdafiəçilərindən biridi, hücuma tez-tez qoşulması ilə seçilir. Xeyli vaxt idi ki, adı iddialı klublarla birgə hallanırdı. Bunun nəticəsində sonda “Qəbələ”yə yollandı. Təmkinin “Zirə”dən gedəcəyi, ya “Qarabağ”, ya da “Qəbələ”yə keçəcəyi gözlənilirdi. Görünür, bu məsələdə tez tərpənən “Qəbələ” oldu. Xəlilzadə yeni komandasına güc qatacaq.

 

- Qış fasiləsində ən çox futbolçu ilə yollarını ayıran klublar “Kəpəz” və “Neftçi” oldu. Çempionatın yarısında 10-11 oyunçu göndərmək nə dərəcədə doğru addımdı?

- Düzdü, bu klublardan gedən oyunçuların siyahısı genişdi. Amma həmin siyahıda əsas heyətin cəmi 2-3 üzvü var idi. Klublarımız istənilən addımı əsaslandırıb atırlar. Artıq onları əvəzləyəcək futbolçuları dəvət etməyə başlayıblar. Hələ “transfer pəncərəsi” açıqdı. Qarşıda yeni keçidlər ola bilər. Qış fasiləsindən sonra yeni “Kəpəz” və daha güclü “Neftçi” görə bilərik.

 

- Antalyaya yollanıb, klublarımızın ordakı yoxlama görüşlərini də izləyəcəksiniz…

- Bəli, Türkiyəyə ayın sonlarında getməyi planlaşdırırıq. Çünki həmin vaxt komandalarımızın hamısı orda cəmləşəcək. Onlarla yanaşı, yığmalarımızın da oyunları olacaq. Hər birini izləyəcəyik. İstəyirik ki, Antalyaya iki-iki gedək. Eyni vaxtda hamımızın orda olmasını istəmirik. Hər qrup orda bir həftə qalacaq.

 

- Yanvarın 25-dən fevralın 2-dək Qurban Qurbanovun rəhbərliyi altında millinin ilk toplanışı olacaq. Hazırda isə Qurbanov Antalyada “Qarabağ”a başçılıq edir. Yığmanın baş məşqçisi olduğundan, digər klubların ordakı hazırlıq prosesini də izləməlidi. Bu, ona çətinlik yaradacaqmı?

- Bundan öncə də bildirmişdik ki, istər-istəməz çətinlik olacaq. Buna baxmayaraq, Qurban Qurbanovun işinin öhdəsindən layiqincə gələcəyinə inanırıq. Bütün sağlam qüvvələr onun ətrafında birləşib, ümumi işə təkan verməliyik.

 

- Rəşad Sadıqov U-21-i yoxlama oyununa çıxardıqdan sonra “Qarabağ”ın heyətində “Kuban”a qarşı matçda iştirak etdi. Bu qədər yükün altına girmək sabiq yetirmənizi yormayacaq?

- Bu suala ən doğru cavabı özü verə bilər. Rəşad özünü məşqçiliyə çoxdan hazırlayırdı. Çətin yükün altına girdiyini özü dərk edir. Ola bilər ki, çempionatın sonunda futbolçu karyerasını bitirib, fikrini sırf məşqçi işinə yönəldəcək və özünü tam şəkildə sübut etməyə çalışacaq.

0