“Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ilyarım çıxış etdiyi klubda iki dəfə Azərbaycan çempionatının bürünc mükafatını qazanan yarımmüdafiəçi ölkəmizdəki karyerası haqda danışıb.
- “Qəbələ”ni tərk etmək qərarınıza nə səbəb oldu?
- Prinsipcə, hər şey çox sadədi. Müqaviləm başa çatdı və mən Azərbaycanı tərk etdim. Bununla da yollarımız ayrıldı.
- Sizə komandada qalmaq təklif olunmadı?
- Klubu deyə bilmərəm, amma mənim belə istəyim yox idi. Məşqçilərə və “Qəbələ”yə heç bir iradım yoxdu. Bu qərarımı ailə vəziyyəti ilə bağlı olduğunu deyə bilərəm. Uşaqlarım orada məktəbə gedirdilər, amma idmanla məşğul olmaq imkanları yox idi. Bu da bizim nəzərdən qaçırdığımız vacib məqamdı.
- Futbol planında “Qəbələ”də hansı təcrübəni qazandız?
- Belə bir komandada olduğum üçün taleyimə minnətdaram. Roman Qriqorçukla eyni komandada olmaq, səviyyəli futbolçularla birlikdə çıxış etmək çox rahat idi. Düşünürəm ki, Avropa Liqasında oynamaqla təkcə mən yox, klub da yaxşı təcrübə qazandı. Mənfi deyil, müsbət emosiyaları daha çox xatırlamaq istəyirəm.
- Məişət planında Azərbaycandakı həyata uyğunlaşmaq çətin deyildi?
- Biz oteldə yaşayırdıq, hamı yaxında idi. Qəbələ kiçik şəhərdi ki, burada hər şey bir-birinə yaxındı. Şərq mətbəxi bizdə narahatçılıq yaratmadı. Buna özümüz üçün yeni nə isə kəşf etmək kimi yanaşırdıq.
- Əksər oyunçular başqa ölkələrə yollanmağa çalışsa da, siz əksinə, Ukraynaya döndünüz...
- Əlbəttə ki, çempionatımızda baş verənlərdən xəbərim var. Buna görə mən də başqa çempionata getməyə, yeni təcrübə qazanmağa çalışacam. Birmənalı şəkildə deyim ki, oyunçu karyeramı bitirməyə hazırlaşmıram.
matchday.ua