[b]“Qolun baxımlı alınması başqa hissdi” - Rauf Əliyev[/b]
30.06.2017 - 18:43
[b]“Qolun baxımlı alınması başqa hissdi” - Rauf Əliyev[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Serbiyada “Mladost”u 3:0 hesabı ilə üstələyən “İnter”in hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

 

- Dünənki oyunu soyuq başla analiz etmisizmi? 

- Səfərdə yaxşı nəticə qazandıq. Matçın bu cür hesabla yekunlaşacağını gözləmirdik. Çünki rəqibimiz də zəif komanda deyil. Əsas odu ki, biz bu qələbəni səfərdə qazandıq.

 

- “Mladost” gözlədiyiniz kimi oynadı?

- Rəqib bizi yaxşı təhlil etmişdi. Böyük hesablı qələbə qazansaq da, onların da qol vurmaq üçün kifayət qədər imkanları oldu. Sadəcə, imkanlarını reallaşdıra bilmədilər. Həm müdafiəçilərimiz, həm də qapıçımız buna imkan vermədi. Onlar bir qol vursaydılar, matçın axarı tamamilə dəyişə bilərdi.

 

- Adrian Skarlatakenin ardıcıl iki standart vəziyyətdən vurduğu qolları görüşün qırılma anı hesab etmək olarmı?

- Adrian qolları vaxtında vurdu. Bu işi erkən görməyimiz şansımızı artırdı. İstədiyimiz nəticəni əldə etməyimizdə bu məqamın rolu danılmazdı.

 

- Vurduğunuz qol estetik baxımdan zövq oxşadı. Zərbənizin hədəfə çatacağına bu qədər əmin idiniz?

- Qalib gəlməyimizdə əməyimin olması məni sevindirir. Bu oyunu yalnız qol vuranlar qazanmadı, meydanda olan hər kəsin əməyi danılmazdı. Eləcə də, meydanın kənarında dayanıb bizi izləyən, tapşırıq verən məşqçilərimizin, rəhbərliyin zəhmətini unutmamalıyıq. İndiki məqamda həmin anı müzakirə etmək mümkün deyil. Əsas odu ki, qol vurdum, işimi gördüm. Qolun baxımlı alınması başqa hissdi.

 

- Amma qolu çılğınlıqla qeyd etmədiniz. Səbəbini bilmək olar?

- Xüsusi səbəb yoxdu. Əlbəttə, sevindim, amma çılğınlıqla qeyd etmədim. Çünki cavab oyunumuz da var. Bakıda da qalib gəldikdən sonra çılğınlıqla sevinmək olar.

 

- Cütün taleyinin Serbiyada həll olunduğunu demək olarmı?

- Bu cür düşünsək, üstünlüyü əldən verərik. Futboldu, hər şey ola bilər. Biz səfərdə 3 qol vurduq, bunu rəqib də Bakıda edə bilər. Odu ki, arxayınlaşmamalıyıq. Birinci oyuna necə hazırlaşmışdıqsa, cavab qarşılaşmasına da həmin tempdə, istəkdə hazırlaşacağıq. Bu cür matçlar 90 yox, 180 dəqiqə davam edir.  

 

- Bu cür hesabdan sonra cavab oyununa konsentrasiya olmaq çətinlik yaratmayacaq?

- Məncə, yaratmayacaq. İlk görüşdəki nəticəni unutmalı, meydana çıxanda hesabın 0:0 olduğunu düşünməliyik. Futbol arxayınlaşmağı sevmir. Bunu edənləri də dərhal cəzalandırır.

 

- İkinci seçmə mərhələdə “Fola”, yoxsa “Milsami” ilə qarşılaşmaq istərdiniz?

- Digər rəqib haqda indidən fikirləşmirik. Uşaqlarla da bu haqda danışmışıq. Cavab oyununu düşünməyimiz daha faydalıdı. Mərhələni adlayaq, ondan sonra növbəti komanda haqda düşünməyə vaxtımız olacaq.

 

0