Ardıcıl iki oyunluq məğlubiyyətdən sonra AZAL üzərində böyükhesablı qələbə qazanan “Neftçi”nin yarımmüdafiəçisi Zdenek Folprext apasport.az saytının suallarını da cavablandırıb.
- Bu oyunu “Neftçi” üçün açıq məşqə bənzətmək olarmı?
- Kənardan belə görünə bilər. Ancaq erkən qol vurmağımız oyunun gedişini tamamilə xeyrimizə dəyişdi. Yəni hesabı tez açdıq və ardınca digər qolları vurmağı bacardıq.
- Qol vurduqdan sonra azarkeşlərə deyil, digər sektora tərəf qaçdınız. Bu, baş məşqçi tərəfindən verilmiş tapşırıqdı?
- Hansısa etirazdan danışmaq olmaz. Futbolçular tərəfindən belə bir addım atılmamışdı. Qol vurduqdan sonra dostlarım əyləşən tribunaya tərəf çevrildim və onlarla birgə qeyd etdim. Çexiyadan 4 dostum gəlib və onlar matçı izlədilər. Həmin insanlar uşaqlıq dostlarımdı.
- Onları özünüz dəvət etmisiniz?
- Bəli, onları Bakıya mən dəvət etmişəm. Ən yaxın dostlarımdı. İndi hamımız bir evdə qalırıq. Həqiqətən də son həftə mənim üçün çox şən keçir.
- Rəqib “Neftçi”nin xüsusi heç nə ilə seçilmədiyini, özlərinin bəsit səhvləri üzündən uduzduqlarını deyir. Razısınızmı?
- Qış fasiləsindən sonra “Neftçi” ən yaxşı oyununu keçirir. Düzdü, AZAL-ın da təhlükəli epizodları oldu. Topun dirəyə dəydiyi epizodu xüsusi qeyd etmək istərdim. Həmin anda qol olsaydı, oyun fərqli məcrada keçə bilərdi.
- Ölkə kubokunda mübarizəni dayandırdıqdan sonra “Neftçi”nin Premyer Liqada “dördlük”ə düşmək üçün səfərbər olacağı gözlənilirdi. Amma “Sumqayıt”a və “Kəpəz”ə yenildiniz. Nə baş verdi?
- Həmin oyunlardakı əsas problem qol vura bilməməyimizdən qaynaqlandı. Bu gün AZAL-la oyunda erkən qol vurduq və davamını gətirdik. Komanda fərqli oyun nümayiş etdirdi. Əgər Sumqayıtda və Gəncədə qol vursaydıq, nəticə fərqli olacaqdı.
- Hazırkı vəziyyətdə avrokubok zonasına düşməyiniz nə dərəcədə realdı?
- İki oyunumuz qalıb. Əlbəttə, məqsədimiz hər iki oyunda qələbə qazanmaqdı. Sonra turnir cədvəlinə baxacağıq. Əgər bəxtimiz gətirsə, Avropa Liqasına vəsiqə qazanacağıq.
- “Zirə” və “Qarabağ”la duellərdən yüz faizlik nəticə ilə ayrılacağınız nə dərəcədə realdı?
- Mümkünsüz heç nə yoxdu. Hər iki oyunda qələbə qazanmaq üçün mübarizə aparacağıq.
- Mövsümün sonunda müqaviləniz başa çatacaq. Yeni müqavilə üçün danışıqlara başlamısınızmı?
- Artıq “Neftçi” və “Slovan” klubları arasında danışıqlar başlayıb və davam edir. Əgər “Slovan” və ya “Neftçi” arasında seçim etməli olsam, təbii ki, “Neftçi”ni seçəcəm. Çünki burda yaradılan şərait ürəyimcədi.