“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi
- Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyununda qeydə alınan hesab komandada arxayınlıq yaratmayıb ki?
- Baş məşqçi ilə bu haqda danışmışıq. Futbol bir qədər qəliz idman növüdü. Ona görə də, heç cür rahatlaşmaq olmaz. Düzdü, hesab bir az rahat oynamağa imkan verir. Ancaq buna aldanıb arxayınlaşa bilmərik. Əldə etdiyimiz hər qələbəyə görə ölkəmizin reytinqinə xallar əlavə edirik. Bu üzdən meydana yalnız qələbə üçün çıxıb, rəqibə qalib gəlmək lazımdı.
- Bakıdakı görüşdən sonra ictimaiyyət eyforiyaya qapıldı. Hətta “Samtredia”nın “Rəvan”dan da zəif olduğunu deyənlər var. Ancaq gürcülər Bakıdakı matçda bir neçə təhlükəli əks-hücum qura bilmişdilər. Bu qarşılaşmada daha çox müdafiəyə diqqət ayırmaq lazım olduğunu düşünmürsüz?
- Bu suala baş məşqçi cavab verə bilər. O yəqin ki, nəyi necə etməli olduğunu apardığı təhlildən sonra müəyyənləşdirib. “Samtredia”nın əvvəlki matçlarının statistikasına nəzər salsaq, görərik ki, bu oyunlarda çoxlu qollar vurub. Bəzən iki qol buraxıb, dördünü vurur. 4:3, 5:3 hesabları qeydə alınıb. “Samtredia” hücum futbolu oynadığı üçün belə hesablar ortaya çıxır. Bu məqam isə onu göstərir ki, meydanda vəziyyət hər an dəyişə bilər. O ki qaldı bu komandanın “Rəvan”la müqayisəsinə, unutmayaq ki, “Samtredia” son mövsümdə Gürcüstan çempionatında gümüş medal qazanıb. Mövsüm ərzində Tiflis “Dinamo”suna 4:0, son təlim-məşq toplanışında isə Buxarest “Dinamo”suna 5:1 hesabı ilə qalib gəlib. Bir oyuna görə rəqibə qiymət vermək düzgün deyil.
- Yeni transferlər gözlədiyinizdən yaxşı çıxdı?
- Onları da məhz Bakıdakı görüşə əsasən, qiymətləndirmək doğru olmaz. Ən azı, bir müddət keçməlidi, onlar həm komandaya, həm Qəbələyə uyğunlaşmalıdılar. İlkin baxışa əsasən deyə bilərəm ki, pis deyillər.
- Rəşad Sadiqov bu “Qəbələ”nin ötən il qrupda oynamış “Qəbələ”dən daha güclü olduğunu deyib. Onun fikri ilə razılaşırsız?
- Bu onun fikridi. Ötən mövsüm heyətdə daha çox futbolçu vardı. Ancaq bu dəfə ehtiyat oyunçular skamyasında təcrübəli futbolçular yoxdu. Bu bizi narahat edir. Dua edirik ki, əsas heyətdəkilər zədə və ya cəza problemi ilə üzləşməsinlər ki, uğurlu çıxış edə bilək.
- Burda yaşayan azərbaycanlılardan bilet üçün kluba müraciət edənlər olub?
- Səfirliklə dəstəklə bağlı danışmışıq. Ancaq bu, sırf azarkeşlə bağlı yox, başqa məsələlərə görə dəstəyə aiddi. Bakıda olarkən SOCAR-dan zəng edib, cavab oyununda bizə təşkilati, təhlükəsizlik məsələlərində dəstək olmağa hazır olduqlarını söyləmişdilər. “Samtredia” ilə daha öncə danışmışdıq. Təhlükəsizliyi nəzərə aldıq. Nə onlar Bakıya azarkeş gətirdi, nə də biz burda fanatlarımızın xidmətindən istifadə edəcəyik.
- Sabah gürcülərin təxribat xarakterli plakat açacağını düşünmürsüz?
- Kimsə nəsə edə bilər. Ancaq ümumilikdə böyük təxribat xarakterli addım atacaqlarını fikirləşmirəm. Böyük təxribat addımları arxasında böyük güclər olanda atılır.
- Daha bir hücumçunun alınacağı gözlənilir. Artıq həmin forvardı tapmısız?
- 2-3 futbolçunu diqqət mərkəzində saxlayırıq. Məşqçinin seçimini gözləyirik. Onu qınamıram. İstəyir ki, mümkün qədər güclü futbolçunu sərəncamında görsün.
- Bundan sonra maksimum 1 futbolçunu almağı planlaşdırırsız?
- Hazırda bir hücumçu transferini qərarlaşdırmışıq. Ancaq bunu deyib, sonra yalançı çıxmaq istəmirəm. Bəlkə yenə transferimiz oldu.