“Xəzər Lənkəran”ı mövsümün qalan oyunlarına baş məşqçi qismində Elbrus Məmmədov çıxaracaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bir neçə gün öncə bu postda Yunis Hüseynovu əvəzləyən Məmmədovun istefa verməsi haqda yayılan xəbərlər yanlışdı.
Əsasən əvəzedicilərlə işləmiş çalışdırıcı hazırda Lənkərandadı. Əsas komanda Məmmədovun qayıdışından sonra onun rəhbərliyi altında ilk məşqinə bu gün çıxacaq.
Klubdaxili nizam-intizam kodeksini pozduğu üçün komandadan uzaqlaşdırılan Elvin Mirzəyev və Kazım Kazımlı, həmçinin transferə çıxarılan Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə məşqdə iştirak etməyəcəklər.
Əsasən akademiyanın yetirmələrinə güvənəcək “Xəzər Lənkəran” qış fasiləsindən sonra ilk oyununu öz meydanında “Rəvan”a qarşı keçirəcək.
Qeyd edək ki, Elbrus Məmmədov 2014/2015 mövsümünün ikinci hissəsində də “Xəzər Lənkəran”ın əsas komandasına rəhbərlik etmişdi.