Topaz Premyer Liqasının IV turunda sabah “İnter”lə qarşılaşacaq “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasovun apasport.az saytına müsahibəsi
- Komandanız “İnter”lə görüşə hazırdırmı?
- Bu matça Odessada hazırlaşdıq. Bakıya gəldikdən sonra da məşqlərimizi davam etdiririk. Milliyə çağırılan futbolçular qayıtdıqdan sonra bir yerdə hazırlaşdıq. Yaxşı oyun göstərməliyik.
- Fasilənin yaranmağı “Qəbələ”nin xeyrinə oldu, yoxsa ziyanına?
- Ziyanımıza nə ola bilər ki? Milli üzvləri yığmada oynadılar, biz də yoxlama matçında gücümüzü sınadıq. Yəni, heç kim boş qalmadı. Hər kəs olduğu yerdə hazırlaşdı.
- Yığma üzvlərinin yoxluğu hiss olunurdumu?
- Bu müddət ərzində bir yoxlama oyunu keçirdik. Rəqibimiz elə də güclü komanda deyildi. “Çernomorets” Odessanın gənclərindən qurulmuşdu. Bizim heyətə də yeni futbolçular qoşulmuşdu. Baş məşqçi hamıya şans verdi, iş başında kimin nə dərəcədə hazır olduğunu yoxladı.
- Odessada “Qəbələ”yə münasibət necə idi?
- Gözlədiyimizdən də isti qarşıladılar. Oyunumuza azərbaycanlılar da gəlmişdi. Bizi dəstəklədilər.
- Sınaq matçı olmağına rəğmən stadiona 5 mindən artıq azarkeş gəlmişdi... Bu, sizin üçün sürpriz olmadı?
- Yoldaşlıq oyununa bu qədər azarkeşin gələcəyinə inanmazdıq. Əlbəttə, həm sürpriz oldu, həm də sevindik. Tribunada həmvətənlərimizi görmək də xoş oldu. Bu Odessada futbolu nə qədər sevdiklərini göstərir.
- “İnter”lə oyunöncəsi baş məşqçi hansı tapşırıqları verib?
- Hər oyun üçün konkret məqsədimiz var. Bu matçdan 3 xal qazanmaq istəyirik. Hazırlığımızı da buna uyğun şəkildə yerinə yetirmişik. Baş məşqçinin xüsusi tapşırığı yoxdu.
- Ötən tur “Kəpəz”lə görüşdə baş məşqçi əsasən ehtiyatda qalan futbolçulara şans vermişdi. Avropa Liqasının qarşıdan oyunu gəlir və bu dəfə də həmin addım atıla bilərmi?
- Necə olacağını deyə bilmərəm. Amma baş məşqçi hər zaman deyir ki, hər bir futbolçu qarşıdakı oyunu fikirləşməlidi, ondan sonrakını yox. Biz də PAOK-la matçı yox, “İnter”lə çempionat qarşılaşmasına hazırlaşırıq. Çünki çempionatda uğur qazanmaq vacibdi. Burda yer tutmalıyıq ki, avrokuboklarda da çıxış edə bilək. Nəticə yaxşı olsa, növbəti matçda təsiri olacaq. Baş məşqçi hamıya şans verir.
- Rəqibin üstün cəhətləri kimi nələri qeyd edib?
- Onların kənar müdafiəçiləri fəal olur, cinahlardan yaxşı hücumlar qururlar. Biz də bunun qarşını almalı, rəqibə öz oyununu qurmağa imkan verməməliyik.
- Ola bilərmi, futbolçuların fikri PAOK-la oyuna yönəlsin və bu matça konsentrasiya ola bilməsin?
- İnanmıram. Yenə deyirəm, qarşıya konkret tapşırıq qoyulub. Biz də bunun öhdəsindən gəlməliyik.
- Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinizlə bağlı nə deyə bilərsiniz?
- Asan rəqib yoxdu. Kim deyirsə ki, istənilən komandanı yenmək mümkündü, bu düzgün deyil. Əlimizdən gələni edəcəyik ki, xal aktivimizi artıraq. Yenə deyirəm, qrupumuzda zəif rəqib yoxdu.
- Yığmanın son toplanışına dəvət edilsəniz də, erkən ayrılmalı oldunuz. Millinin baş məşqçisi Robert Prosineçki sizə hansısa iradlarını bildirdimi?
- Konkret bir söz demədi. Üç gün düşərgədə olduq, bizim üçün yaxşı hazırlıq prosesi oldu. Daha sonra Avropa Liqasında oynayan futbolçular toplanışa qoşuldu və biz ayrıldıq. Amma müsbət ab-havanın şahidi olduq. Onun bizi milliyə dəvət etməsi böyük hadisə idi. Prosineçki bildirdi ki, sizi izləyirik, diqqət mərkəzindəsiniz.
- Bu qərar sizdə ruh düşkünlüyü yaratmır ki?
- Xeyr, şansımızı gözləyəcəyik. Tez ayrılmalı olsaq da, dəvət edilməyimizin özü böyük hadisə idi. Yığmaya çoxları dəvət edilə bilərdi, amma məhz bizi seçdi, 3 günlük də olsa yığmaya dəvət elədi. Bundan sonrası özümüzdən asılı olacaq. Yaxşı formada olsaq, dəvət ediləcəyik.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA