Topaz Premyer Liqasında mövsümün ikinci yarısının ilk turunun mərkəzi qarşılaşması Zirədə keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində liderin iki ən yaxın izləyicisi olan “Zirə” və “İnter” arasında görüşü Rauf Cabbarov idarə edəcək.
Bu matç onun cari mövsümdə Premyer Liqada 9-cu oyunu olacaq. Cabbarovun baş hakimi olduğu görüşlər qolsuz bitməsə də, çox məhsuldar da alınmır. Əvvəlki 8 matçdan yalnız ikisində 3, eyni sayda görüşdə 2 qol vurulub. 4 oyunda isə qol vuran komanda minimal hesablı qələbə əldə edib.
Cabbarov 4 dəfə meydan sahiblərinin, 3 dəfə qonaqların qələbəsini, 1 qarşılaşmada isə bərabərliyi qeydə alıb. O, hər tərəfin qapısına 1 penalti təyin edib. Amma göstərdiyi hər iki qırmızı vərəqə ilə ev sahibi olan komandanı cəzalandırıb. Referi sonunculara 20, qonaqlara isə 26 sarı vərəqə göstərib.
Həm “Zirə”, həm də “İnter” əvvəlki turlarda da Cabbarovun idarə etdiyi matçlarda iştirak edib. Premyer Liqanın debütantı “Rəvan”ı 2:1 hesabı ilə məğlub edib ki, həmin vaxt baş hakim zirəliləri azlıqda qoysa da, penalti qərarı ilə sevindirib. Həmin görüşdə meydan sahiblərindən Çimezi Mbah qırmızı vərəqə alıb.
“İnter” isə evdə “Kəpəz”i 1, səfərdə “Rəvan”ı 2 cavabsız qolla keçib. Cabbarov bakılıları da azlıqda qoyub. O, bunu “Kəpəz”lə matçda gerçəkləşdirib. Ədalət təmsilçisi “İnter”in qələbə qolunun müəllifi Dieqo Martinsi meydandan qovub ki, braziliyalı da artıq komandasından ayrılıb.