[b]DÇ-2018: Səudiyyə Ərəbistanı - DOSYE[/b]
03.05.2018 - 13:59
[b]DÇ-2018: Səudiyyə Ərəbistanı - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 41 gün qalır. Növbəti dosye mundialın iştirakçısı Səudiyyə Ərəbistanı yığması haqqındadı.

 

Səudiyyə Ərəbistanı 2018-ci il dünya çempionatına vəsiqəni son anda təmin edən ölkələrdəndi. Buna rəğmən, 2010 və 2014-cü illərdə yaşanan uğursuzluqların ardından azarkeşlər bu səfər gələcəyə dair daha ümidlidilər. Son turda, vəsiqəni təmin etmiş Yaponiya üzərində qazanılan qələbə sayəsində Bert van Marveykin yetirmələri qol fərqinə görə Avstraliyanı qabaqlayaraq, adlarını mundialın iştirakçıları sırasına yazdırdılar. Ancaq mundiala vəsiqənin davamında xaos yaşandı. Çox keçmədən federasiya ilə yaranan anlaşmazlıq sonda hollandiyalı məşqçinin ayrılması ilə yekunlaşdı, onun yerinə isə Edqardo Bausa gətirildi. Lakin argentinalı mütəxəssis də yeni iş yerində çox davam gətirmədi. Yekunda Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postu Xuan Antonio Piççiyə tapşırıldı.

 

 

Həlledici məqamlar

 

2016-cı il, sentyabr

Ər-Riyadda Tailanda qarşı oynanılan açılış matçı Səudiyyə Ərəbistanı üçün istənilən kimi getmirdi. Ancaq oyunun sonuna 6 dəqiqə qalmış təyin olunan penaltini qola çevirən Navaf əl-Abed komandasına 3 xal qazandıra bildi. Beş gün sonra isə yarımmüdafiəçi son dəqiqələrdə daha iki 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, İraq üzərindəki geri dönüşün baş memarı oldu.

 

2016-cı il, oktyabr

Matçın bitiminə 11 dəqiqə qalmış, van Marveykin yetirmələri evdə Avstraliya qarşısında məğlub durumdaydılar. Bu səfər Nasser əl-Şamrani ortaya çıxdı və komandası üçün həyati önəm daşıyan 1 xalı qazandırdı.

 

2016-cı il, noyabr

Yaponiya səfərindəki 1:2 hesablı məğlubiyyət ərəblərin turnir cədvəlində zirvəyə oynamasının qarşısını kəsdi.

 

2017-ci il, sentyabr

Dünya çempionatına vəsiqə qazanmaq üçün Yaponiyanı məğlub etməkdən başqa çarə yox idi. Bu səfər, ikinci hissədə ortaya çıxan Fahad əl-Muvallad fərqlənərək, komandasına böyük sevinc yaşatdı. Bu önəmli zəfərin üzərindən çox keçməmiş van Marveyk istefaya getdiyini açıqladı, onu Edqardo Bausa əvəzlədi.

 

2017-ci il, noyabr

Komandanın başında keçirdiyi 5 matçdan sonra Bausa göndərildi.

 

 

Dünya çempionatına hazırlıq

Səudiyyə Ərəbistanı mundiala hazırlıq məqsədilə 6 yoldaşlıq görüşü planlaşdırmışdı. Həmin matçlardan artıq 4-ü geridə qalıb. Moldovaya 3:0 hesabı ilə qalib gələn “yaşıllar” İraq və Belçika ilə bacarmayıblar – 1:4, 0:4. Ukrayna ilə oynanılan matç isə bərabərliklə yekunlaşıb – 1:1. Səudiyyə Ərəbistanı yığması mayın 28-də İtaliya, iyunun 8-də isə Almaniya ilə gücünü sınayacaq.

 

 

Dünya çempionatında

“Yaşıllar” 14 iyunda turnirin açılış matçında Rusiya ilə qarşılaşacaqlar. 6 gün sonra rəqib Uruqvay yığması olacaq. Nəhayət, Səudiyyə Ərəbistanı son qrup matçını Misirə qarşı keçirəcək.

 

 

Baş məşqçi

Xuan Antonio Piççi: 49 yaş (07.06.1968)

Səudiyyə Ərəbistanı yığmasının mundiala vəsiqə qazanmasında van Marveykin böyük xidmətləri olsa da, hazırda komandanın başında o deyil, Xuan Antonio Piççi var. Piççi məşqçilik karyerası ərzində “Kolon”, “Universidad San Martin”, “Santiaqo Morninq”, “Universidad Katolika”, “Rosario Sentral”, “San Lorenso”, “Valensiya”, “Leon” və Çili yığmasında işləyib. 49 yaşlı mütəxəssisin ən böyük uğuru 2016-cı ildə Çili millisi ilə qazandığı “Kopa Amerika” zəfəridi.

 

 

Səudiyyə Ərəbistanı

FİFA sıralaması: 70-ci yer

Dünya çempionatında iştirak sayı: 4 (1994, 1998, 2002, 2006)

Dünya çempionatında oyun sayı: 13 (2 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 9-32

Ən yaxşı nəticə: 1/8 final (1994)

Dünya çempionatlarında ən çox oyun keçirən səudiyyə ərəbistanlı futbolçu: Məhəmməd əd-Deayya – 10 oyun (1994, 1998, 2002)

Dünya çempionatlarında ən çox qol vuran səudiyyə ərəbistanlı futbolçu: Sami əl-Cabir – 3 qol (1994, 1998, 2006)

 

DÇ-2018

Qrup mərhələsi

A qrupu

14 iyun

19:00. Rusiya – Səudiyyə Ərəbistanı

“Lujniki” stadionu, Moskva

 

20 iyun

19:00. Uruqvay – Səudiyyə Ərəbistanı

“Rostov Arena”, Rostov

 

25 iyun

18:00. Səudiyyə Ərəbistanı – Misir

“Volqoqrad Arena”, Volqoqrad

 

 

Təxmin olunan iştirak ərizəsi

 

Qapıçılar: Valid Abdulla (“Ən-Nəsr”), Yasser əl-Mosaylem, Məhəmməd əl-Ovays ( hər ikisi “Əl-Əhli”).

 

Müdafiəçilər: Mansur əl-Hərbi, Mutaz Havsavi, Usama Havsavi ( hər üçü “Əl-Əhli”), Səid əl-Movalad (“Farense”), Yasser əl-Şahrani (“Əl-Hubar”), Ömər Havsavi (“Ən-Nəsr”), Məhəmməd Cahfali (“Əl-Hilal”), Hassan Muat Fallatah (“Əl-Şabab”).

 

Yarımmüdafiəçilər: Navaf əl-Abed, Salman əl-Fərəc, Əbdülmalik əl-Xaibri ( hər üçü “Əl-Hilal”), Səlim əl-Dosari (“Vilyarreal”), Taysir əl-Cassim, Salman əl-Moaşer, Hüseyn əl-Moqahvi, Əbdülfəttah Əsiri ( hamısı “Əl-Əhli”), Fahad əl-Muvallad (“Levante”), Yəhya əl-Şeri (“Leqanes”).

 

Hücumçular: Məhəmməd əs-Səhləvi (“Əl-Nəsr”), Mohannad Aseri (“Əl-Əhli”).