[b]"Qəbələ" və "Neftçi": Tarix nə deyir?[/b]
20.07.2016 - 11:19
[b]"Qəbələ" və "Neftçi": Tarix nə deyir?[/b]

Sabah Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından “Qəbələ” Macarıstanın MTK, “Neftçi” Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gələcək.

 

Təmsilçilərimizin meydana çıxacağı tarix klublarımız üçün uğurlu gün sayılır. Belə ki, avrokuboklar tarixində heç bir klubumuz iyulun 21-də məğlub olmayıb.

 

Bu gündə meydana çıxan 4 komandamız qələbə qazanıb. 1999-cu ildə “Kəpəz” “Sloqa Yuqomaqnat”ı (Makedoniya) – 2:1, 2010-cu ildə “İnter” səfərdə “Lex”i (Polşa) 1:0 hesabı ilə yensə də, mərhələ keçə bilməyib. Makedoniyalılar səfər qolu, polşalılar penaltilərlə (9:8) raundu adlayıb. 2004-cü ildə “Neftçi” “Şiroki Briyeq”i (Bosniya və Herseqovina) 1:0, 2009-cu ildə “Bakı” “Ekranas”ı (Litva) 4:2 hesabı ilə üstələməsi sayəsində mərhələ keçib. Bu 4 qələbəmizin hamısı Çempionlar Liqasında baş tutub.

 

Avropa Liqasında isə hər iki görüş heç-heçə ilə nəticələnib. 2011-ci ildə “Qarabağ” “Streymur” (Farer adaları), “Xəzər Lənkəran” “Makkabi” (Təl-Əviv, İsrail) ilə ev matçlarında qolsuz “sülh”lə qeydə alınıb.

0