[b]Antirekordun bir addımlığında[/b]
07.02.2018 - 10:25
[b]Antirekordun bir addımlığında[/b]

Futzal üzrə Azərbaycan milli komandası AVRO-2018-lə böyükhesablı məğlubiyyətlə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Joze Alesionun baş məşqçisi olduğu komanda Sloveniyadakı yarışın 1/4 finalında Portuqaliyaya 1:8 hesabı ilə uduzub.

 

Bu, yığmamızın dünya və Avropa çempionatlarında 7-ci böyükhesablı məğlubiyyətidi. Belə ki, millimiz 1995-ci ildə debüt etdiyi beynəlxalq arenada indiyədək yalnız 6 darmadağın görmüşdü.

 

Aldığımız 7 ağır məğlubiyyətdən 2-si final, 5-i seçmə mərhələlərə təsadüf edib. Komandamız indiyədək yalnız 1 dəfə AÇ-nin həlledici raundunda 5 və ya daha çox top fərqinə üzülmüşdü. Bu da 4 il öncəyə təsadüf etmişdi.

 

Həmin vaxt İtaliyaya 0:7 hesabı ilə uduzmuşduq. Komandamız 4 ildən sonra final mərhələlərindəki antirekordunu təkrarlayıb.

 

Ümumiyyətlə isə seçmə və final mərhələlərindəki antirekordumuz 23 il öncə yaşanıb. Həmin vaxt DÇ üçün də təsnifat xarakteri daşıyan AÇ-nin seçmə mərhələsində yığmamız 8 top fərqilə uduzmuşdu. Hollandiyada keçirilən görüşdə çexiyalılar 10:2 hesablı qələbə qazanmışdı.

 

Həmin antirekordun 1 addımlığında dayanan Alesionun yetirmələri həm də AÇ-lərin final mərhələlərinin tarixinə düşməkdən qurtulub. Məsələ ondadı ki, İspaniyanın AÇ-2010-da Belarusu 9:1 hesabı ilə udması həlledici raundların ən böyük nəticəsidi. Yığmamız 1 qol da buraxsaydı, Belarusa şərik çıxacaqdı.

 

Lakin komandamız turnirin tarixinə başqa antirekordla düşməyə imkan tapıb. Millimiz final mərhələsində 1-ci hissədə 5 qol buraxan ilk komandadı. Portuqaliyanın rekord vurması yığmamızla görüşə təsadüf edib.

 

AÇ-1996 (seçmə mərhələ - Hollandiya)

28.10.1995. Çexiya – 2:10

AÇ-2003  (seçmə mərhələ - Portuqaliya)

06.11.2002. Portuqaliya – 0:5

DÇ-2004 (seçmə mərhələ - Kipr)

05.11.2003. Polşa – 1:6

AÇ-2005 (seçmə mərhələ - Serbiya)

27.01.2005. Rusiya – 0:5

AÇ-2012 (seçmə mərhələ - Azərbaycan)

27.02.2011. İspaniya – 3:8

AÇ-2014 (final mərhələsi – Belçika)

02.02.2014. İtaliya – 0:7

AÇ-2018 (final mərhələsi – Sloveniya)

06.02.2018. Portuqaliya – 1:8