“Seçmə mərhələ oyunlarına çox ciddi hazırlaşırıq. Qrupun favoriti olsaq da, rəqiblərimizi kiçiltməməliyik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan italiyalıların çalışdırıcı qarşıdakı matçlar haqqında danışıb. Konte Azərbaycan və Maltanı asan rəqib adlandırıb: “Azərbaycan və Malta digər komandalarla müqayisədə daha asan rəqiblərdi. Amma onları da siyahıdan silmək olmaz. Futbolda istənilən nəticə ilə üzləşmək mümkündü. Bizim komanda dünya çempionatında uğursuz çıxış etdi. Mən isə yığmaya yeni bir səhifə açmaq üçün gəlmişəm. Hazırda əsas hədəfimiz qrup mərhələsində lider olub, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdı. Norveçlə qarşılaşmada yaxşı oyun göstərib qalib gəldik. Bunun ardını gətirməliyik. Qarşıda Azərbaycan və Malta ilə matçlarımız var. Həmin qarşılaşmalarda da qalib gəlməliyik”.
Qeyd edək ki, İtaliya – Azərbaycan qarşılaşması oktyabrın 10-da İtaliyada, Palermo şəhərindəki “Rentso Barbera” stadionunda keçiriləcək.