[b]Azərbaycanla oyunda het-trik edən futbolçu danışdı[/b]
10.10.2015 - 12:04
[b]Azərbaycanla oyunda het-trik edən futbolçu danışdı[/b]

“90 dəqiqə ərzində oyuna diktə etdik, rəqibə heç bir şans vermədik”. Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının hücumçusu Maykl Qreqoriç deyib.

 

Avro-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edən avstriyalılar meydançadan 7:0 hesablı qələbə ilə ayrılıblar. Matçın ikinci hissəsində 3 qol vuraraq het-trik edən Qreqoriç layiqli qələbə qazandıqlarını söyləyib: “Hesab edirəm ki, bu, oyunun ədalətli nəticəsi oldu. Bununla həm də qrupumuzdakı digər komandalara da mesaj verdik. Hamısı bizimlə hesablaşmalı olacaq. Növbəti rəqibimiz Finlandiyanı da məğlub etməyə çalışacağıq”.

 

Oyunda hesabı açan Florian Qrillits də fikirlərini bölüşüb: “Hədəfimiz qələbə idi, bunu da həyata keçirdik. Çətini ilk qolu vurana qədər oldu. Ondan sonra oyunumuz axarına düşdü. 7:0 hesablı qələbə əlbəttə ki, bizi məmnun etdi. Bu qalibiyyət bizdə özünəinamı bir qədər də artırdı. Qalan matçlarımızı da bu cür keçirməliyik”.

 

Qeyd edək ki, Avstriya yığması VII qrupda keçirdiyi hər 3 oyunda qələbə qazanıb və 9 xalla turnir cədvəlinə başçılıq edir. Azərbaycan millisi isə 4 oyunda 3 xal toplayıb və hazırda 6 komanda arasında 4-cüdü.