[b]Böyükağa Hacıyev: “Neftçi”dən gedəcəyəm[/b]
17.07.2014 - 22:04
[b]Böyükağa Hacıyev: “Neftçi”dən gedəcəyəm[/b]


“Buraxdığımız qol rəqibə təmiz “hədiyyə” idi. Biz bunu nə müdafiəçilərdən, nə də qapıçıdan gözləmirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avroliqanın II təsnifat mərhələsi çərçivəsində “Koper”in 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra mətbuat konfransı zamanı deyib.

Hacıyev qarşılaşma haqqında bunları söyləyib: “Alınmadı. Rəqib həddindən artıq müdafiəyə qapıldı. Onlar müdafiədən yaxşı oynamağı bacarır. Cavab matçında fərqli nəsə düşünməyə çalışacağam. Gizlətmirəm, cavab oyununda mərhələ adlaya bilməsək, mən istefa verib gedəcəyəm. Uşaqları qınamıram. Səhvlərdən buraxdığımız qollarla uduzduq. Mənim çantam həmişə qapının ağzındadır. İstefa verməyə həmişə hazıram. Vurduğumuz qolda, məncə, “ofsayd” yox idi. Buna axşam evdə baxacağam”.

Təcrübəli çalışdırıcı bütün hallarda istefa verəcəyini bildirib. Ancaq Gündüz Abbaszadə bildirib ki, stadiondakı “istefa” şüarları vitse-prezident Tahir Süleymanova aid edilib. Hacıyev istefa ilə bağlı belə danışıb: “Yəqin bizim azarkeşlər əcnəbi məşqçinin gəlməsini istəyirlər. Biz mərhələ adlasaq belə, mən “Neftçi”dən gedəcəyəm. Hər ailədə söz-söhbət ola bilər. Çox təəssüf ki, 3 ildə qazanılan nəticələr artıq azarkeşləri qane etmir. Mən yəqin ki, “Neftçi”dən ayrılandan sonra işsiz qalmayacağam. Mənim hələ şedevr əsərim qalır. Onu yazmamış futboldan getməyəcəyəm. Hücum futbolunu oynatmışam, yenə də oynadacağam”.

Hacıyev jurnalistlərin “Mahir Şükürovun asmalarının yeri görünürdü” sualına isə belə cavab verib: “Kaue səviyyəli futbolçudur. Ola bilər ki, adaptasiyanı tam keçə bilməyib. Heç kim ana bətnində futbolçu olmayıb. Məqsəd İsayevin cinahından rəqibin cərimə meydançamıza keçdiyini gördünüz? O, Mahir Şükürovu müdafiədə artıqlaması ilə unutdurdu”.

Sonda Hacıyev “mərhələ keçməməklə sizinlə Nazim Süleymanov arasında nə fərqi oldu” sualına acıqlı şəkildə belə cavab verib: “O Nazim Süleymanov deyildimi ki, “Xəzər Lənkəran”ın ən varlı vaxtlarında komandaya gətirildi? Mən əlimin içi kimi təmizəm. Onu ikinci dəfə məşqçi kimi gətirdilər, yenə xeyri olmadı. Mən isə APOEL-i keçmiş məşqçiyəm. Məni onunla müqayisə etməyin!”