[b]Böyükağa Hacıyevin səhhəti haqda yeni xəbər[/b]
08.02.2018 - 09:49
[b]Böyükağa Hacıyevin səhhəti haqda yeni xəbər[/b]

“Böyükağa Hacıyev ikinci dəfə əməliyyat olunmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. 

 

Dünən Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin durumu normaldı. Onun müalicəsinin hansı istiqamətdə davam etdiriləcəyinə bu gün keçiriləcək tibbi müayinələrdən sonra aydınlıq gələcək.

 

Hacıyevin durumu haqda danışan Sadıqov həmkarının əməliyyat xərclərini AFFA-nın qarşıladığını bildirib: “Böyükağa müəllim 1 həftə öncə insult keçirdi. Onu təcili “Modern Hospital”a yerləşdirdik. Beynindəki şişlə əlaqədar, Moskvaya əməliyyat olunması nəzərdə tutulmuşdu. Lakin xəstəxanada gözlənilmədən infarkt keçirdi. Sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi qərara alındı. Əməliyyat edildi, 2 stend qoyuldu və ürəyinə qan dövranı bərpa olundu. İkinci əməliyyata ehtiyac yoxdu. Bu gün baş tutacaq müayinələrdən sonra müalicəsinin necə davam etdiriləcəyi bilinəcək. AFFA-nın həkimi də ilk gündən Böyükağa müəllimin yanındadı”.

 

Qeyd edək ki, Böyükağa Hacıyev “Bakı” və “Neftçi” klubları ilə Azərbaycan kubokunu qazanıb. O, “ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxartmaqla ilkə imza atıb.