[b]Ernest Nfor: Dünyanın sonu deyil[/b]
18.07.2014 - 23:02
[b]Ernest Nfor: Dünyanın sonu deyil[/b]

 

“Neftçi”nin “Koper”lə oyunda daha çox rəqib futbolçu və hakimlə polemikası ilə yadda qalan hücumçusu Ernest Nfor əvəzlənən zamanı azarkeşlər onu fitə basdı. Hücumçu apasport.az saytına müsahibəsində bunu normal qarşıladığını və tamaşaçılara hörmətlə yanaşdığını deyib.

 

- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı.

 

- Məğlub olduq. Ancaq hələ heç nə bitməyib. Gələn həftə cavab oyunu var. Dünyanın sonu deyil. Sloveniyadakı oyunda çox şey dəyişə bilər.

 

- Sanki komanda yorğun görünürdü. Problem nə idi?

 

- Niyə ki? “Neftçi” bu gün yaxşı oynadı.

 

- Bunu birinci hissəyə aid etmək olmaz.

 

- Yorğun deyildik. Sadəcə, oyunun əvvəlində rəqibin nə etmək istədiyini, necə oynadığını öyrənməyə çalışırdıq. Ancaq qapımızdan lazımsız top buraxdıq. Ümumiyyətlə, heç bir komanda 90 dəqiqə eyni tempdə oynamır. Hətta “Barselona” da bunu etmir. Oyunun gedişində tempi qaldırır, bir müddətdən sonra aşağı salır.

 

- Siz pleymeyker kimi oynamağa razısınız?

 

- Həm oyun qurucusu, həm də hücumçu kimi çıxış edə bilirəm. Hücumçu kimi bacarıqsız olduğumu deyə bilmərəm. Baş məşqçi bu gün ön xətdə yer almağını tapşırmışdı. Mən də bacardığım qədər komandama kömək etməyə çalışdım.

 

- Deyəsən, əvəzlənməyinizi istəmirdiniz. Çünki meydanı əsəbi şəkildə tərk etdiniz.

 

- Buna görə kiməsə hirslənməmişəm. Heç kimlə problemim yoxdur. Bura olmaqdan məmnunam. Əvəzlənən vaxt hesabda geridə idik. İstəyirdim ki, qalım, qol vurum. Çünki uduzmaq istəmirdik.

 

- Bunu normal qəbul edirsiniz?

 

- Hər kəsə - baş məşqçiyə, komanda yoldaşlarıma hörmətlə yanaşıram. Bizə qol vurmaq lazım idi. Ona görə də erkən çıxmaq istəmirdim.

 

- Səfər oyununda dönüş yaradacağınıza inanırdınız?

 

- Niyə də olmasın? “Neftçi” öz oyununu oynasa, Sloveniyada qələbə qazanıb, mərhələ adlayacaq.