[b]İtaliyada Konte təlaşı[/b]
08.10.2015 - 08:41
[b]İtaliyada Konte təlaşı[/b]

İtaliya Futbol Federasiyası yığmanın baş məşqçisi Antonio Konte ilə bağlı qərarını verib. Apasport.az-ın İtaliya mətbuatına istinadən məlumata görə, federasiya təcrübəli mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır.

 

Avro-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan “Skuadra Adzurra”nın çalışdırıcısının adı son günlər “Milan”la birgə hallanır. Mövsümə uğursuz start götürən “rossonyerlər” Sinişa Mixayloviçlə yollarını ayırıb, baş məşqçi postunu məhz Antonio Konteyə tapşırmaq niyyətindədi.

 

Azərbaycanla vacib oyun öncəsi bu məlumatın yayılmasından narahat olan federasiya prezidenti Karlo Tavekkio 46 yaşlı çalışdırıcıya yeni saziş təklif olunacağını açıqlayıb: “Biz Konte ilə yeni 2 illik müqavilə imzalamağa hazırıq. İndi bütün diqqətimizi Azərbaycan və Norveçlə matçlara yönəltmişik. Avropa çempionatının final mərhələsinə vəsiqə üçün bundan sonra bizə cəmi 2 xal lazımdı. Bu qarşılaşmalardan sonra Konte ilə söhbətimiz olacaq. Hər şey onun qərarından asılıdı. İnanıram ki, Konte təklifimizi qəbul edəcək və dünya çempionatına da komandamızı o aparacaq”.

 

Qeyd edək ki, oktyabrın 10-da Bakıda Azərbaycan yığmasının qonağı olacaq “Skuadra Adzurra” 3 gündən sonra Romada Norveç millisini qəbul edəcək.