Azərbaycan millisi futzal üzrə AVRO-2018-in 1/4 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Sloveniyadakı qarşılaşma rəqiblər arasında 12-ci matç olacaq.
İndiyədək Azərbaycan və Portuqaliya milliləri 11 dəfə üz-üzə gəlib. Bunlardan 5-i rəsmi matçlarında, 6-sı yoxlama oyunlarında baş tutub.
Pireneylilər yığmamız üçün kabus xarakteri daşıyır. Belə ki, 11 qarşılaşmada millimiz qələbə qazana bilməyib. 8 dəfə uduzan komandamız 3 heç-heçəylə təslli tapıb. Bu bərabərliklərdən də birindən sonrakı oyunsonrası penaltilər rəqibin qələbəsi ilə başa çatıb.
Millimiz 6 yoxlama oyununun hamısı səfərdə keçirib. 3 dəfə Portuqaliyaya səfər edən komandamız hər dəfə 2 sınağa çıxıb. Bu matçlarda 5 dəfə uduzan futzalçılarımız 1 heç-heçəyə sevinib.
Digər 5 oyundan biri dünya, dördü Avropa çempionatı çərçivəsində olub. Mundialdakı son qarşılaşma elə son duel kimi tarixə düşüb. Kolumbiyadakı DÇ-2016-da yığmamızın yolunu məhz pireneylilər kəsib.
Qitə çempionatlarında iki dəfə seçmə, iki dəfə final mərhələlərində görüşmüşük. AÇ-2004-ün Portuqaliyadakı seçmə oyununda rəqib qalib gəlib. AÇ-2010-a gedən yolda Portuqaliyadakı seçmə matçında sülhə razılaşan rəqiblər Macarıstandakı yarımfinalda da görüşüb. Hər iki matç 3:3 hesabı ilə bitsə də, finalçının adının müəyyənləşdiyi matçın penaltilər seriyası Portuqaliyaya sevinc bəxş edib. 2 il sonra Xorvatiyadakı final mərhələsinin qrupunda qələbəni rəqib bayram edib.
Penaltilər seriyasını saymasaq, 8 qələbə və 3 heç-heçəsi olan pireneylilər top fərqində də üstündü. Belə ki, yığmamız 15, rəqibi az qala üçqatını 43-nü vurub.
AÇ-2004-ün seçmə oyunu
06.11.2002. AÇSO. Portuqaliya – Azərbaycan – 5:0
AÇ-2010-un seçmə oyunu
19.03.2009. AÇSO. Portuqaliya – Azərbaycan – 3:3
AÇ-2010-un final mərhələsi, yarımfinal oyunu
28.01.2010. AÇ. Azərbaycan – Portuqaliya – 3:3, pen.3:5
AÇ-2012-nin final mərhələsi, qrup oyunu
01.02.2012. AÇ. Portuqaliya – Azərbaycan – 4:1
DÇ-2016-nın final mərhələsi, 1/4 final
25.09.2016 DÇ. Azərbaycan – Portuqaliya – 2:3
Yoxlama oyunları
23.09.2003. YO. Portuqaliya – Azərbaycan – 2:1
24.09.2003. YO. Portuqaliya – Azərbaycan – 4:1
26.09.2006. YO. Portuqaliya – Azərbaycan – 8:1
27.09.2006. YO. Portuqaliya – Azərbaycan – 5:2
17.09.2013. YO. Portuqaliya Azərbaycan – 1:1
18.09.2013. YO. Portuqaliya Azərbaycan – 5:0
Vüqar XEYRULLAYEV
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA