[b]Levandovskini qabaqlayan azərbaycanlı bombardir[/b]
04.02.2018 - 16:10
[b]Levandovskini qabaqlayan azərbaycanlı bombardir[/b]

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun Almaniyada uğurlu çıxışı yerli mətbuatın diqqətindən yayınmayıb. Apasport.az saytı xəbər verir ki, həmkarlarımız 26 yaşlı forvardın cari mövsümdə Almaniya Bundesliqalarının ən məhsuldar oyunçusu olduğunu vurğulayıblar.

               

Berlin "Dinamo"sunun forvardı buna IV Bundesliqanın geridə qalan turlarında vurduğu 20 qolla nail olub. Maraqlıdı ki, 18 görüşdə rəqib qapıçılarını 20 dəfə məyus edən Dadaşovdan sonra siyahıda ikinci yeri elitanın hələlik ən məhsuldar oyunçusu Robert Levandovski tutur. "Bavariya"nın polşalı forvardı Bundesliqada meydana çıxdığı 19 matçda 18 dəfə fərqlənib.

 

II Bundesliqada Maykl İshak ("Nürnberq") 12 qolla, III Bundesliqada isə Stefan Hain ("Unterhahinq") 14 qolla bombardirlər yarışına başçılıq edir.

 

Almanlar Bakıda anadan olan və 6 yaşında valideynləri ilə birlikdə həmin ölkəyə köçən Rüfətin tezliklə daha yüksək çempionatlarda çıxış edəcəyini düşünürlər: "Berti Fotqsun dönəmində Azərbaycan millisinə çağırılan Dadaşov beynəlxalq arenada keçirdiyi 16 görüşdə 4 qola imza atıb. Foqtsun gedişindən bəri yığmasına çağırılmayan hücumçu IV Bundesliqanın son 4 turunda 8 qol vurub ki, bu da onun qolçuluq bacarığını ortaya qoyur. Komandası "Dinamo" hazırda 2-ci pillədə qərarlaşsa da, lider "Energi"yə çatması inandırıcı deyil. Ancaq Dadaşov belə çıxışını davam etdirsə, tezliklə daha güclü çempionatlardan birinə yollanacaq".

 

Qeyd edək ki, Rüfət Dadaşov "Dinamo"ya ötən il "Moyzelvits"dən keçib.