[b]"Ona baxanda ürəyimdən keçirdi ki..." – MƏKTƏB XATİRƏLƏRİ[/b]
15.09.2015 - 11:20
[b]"Ona baxanda ürəyimdən keçirdi ki..." – MƏKTƏB XATİRƏLƏRİ[/b]

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur. Kimisi ilk dəfə məktəb həyatına qədəm qoyduğu halda, kimisi təhsil ocağında sonuncu ilinin ilk akkordlarını yaşayır.

 

İnsan da var ki, məktəb illəri onun üçün yalnız xatirələrdə qalıb. Geriyə boylananda həmin günləri yada salır, sevinir, qəhərlənir...

 

Keçmiş futbolçu, Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov üçün də məktəb illəri çox dəyərlidi. Apasport.az saytına müsahibəsində “professor” 35 il əvvələ qayıdaraq, ilk dəfə məktəbə getdiyi, parta arxasında əyləşdiyi vaxtları yada saldı...

 

- Mahmud Qurbanov ilk dəfə məktəbə getdiyi günü necə xatırlayır?

- Yaxşı yadımdadı. Hamı kimi, mənim də anam əlimdən tutaraq, ilk dəfə məktəbə aparıb. Gəncə şəhərində 18 nömrəli orta məktəbdə oxumuşam. Məktəbdə ilk addımlarımı 1980-ci ildə atmışam. İlk dəfə gedəndə məktəbin nə olduğunu adam bilmir (gülür). Bütün uşaqlar belədi. 

 

- Orta məktəbdə dərslərinizi yaxşı oxuyan olmusuz?

- Pis oxumamışam. Amma əlaçı da olmamışam. Belə deyək də, normal oxuyan, “4”, “5” alan olmuşam.

 

- Hansı fənlərə daha çox marağınız olub: texniki, yoxsa humanitar?

- Marağım olub coğrafiya fənninə. Sinfimizdə xəritə var idi, ona baxanda ürəyimdən keçirdi ki, həmin ölkələrdə olum. Buna görə də, coğrafiya dərsi mənim üçün həmişə maraqlı olub. Həyatımın sonrakı illərində futbolçu, həmçinin məşqçi kimi bir çox ölkələrdə oldum. Amma hələ də olmadığımız ölkələr var.

 

- Müəllimlərinizi necə xatırlayırsız?

- Hamısı yadımdadı. İlk müəlliməm Elmira müəllimə olub. İbtidai sinifdə, 1-ci sinifdən 3-cü sinifə kimi mənə dərs deyib. Xətrini çox istəyirdik. Sonrakı müəllimlərimi də xatırlayıram.

 

- İndi onlarla əlaqə saxlayıb, hal-əhval tutursuzmu?

- Açığı, yox. Çünki mən Bakıda yaşayıram. Allah rəhmət eləsin, bəziləri dünyalarını dəyişiblər. Bəziləri isə yaşayırlar. Belə əlaqəm yoxdu onlarla. Elmira müəllimənin də hazırda yaşayıb-yaşamadığını bilmirəm. Amma 4 il bundan əvvələ kimi yaşayırdı.

 

- Sinif yoldaşlarınızla necə, indi də əlaqəniz varmı?

- Bəli, var. Hərdən telefonla əlaqə saxlayırıq, hərdən Gəncəyə gedəndə görüşürəm onlarla. Amma sözün düzü, sinif yoldaşlarımı da tez-tez görmürəm. Çünki əksəriyyəti Gəncədədi.

 

- Futbol, ümumiyyətlə idman sahəsində sizdən başqa olan varmı?

- Yoxdu, yox. İdman sahəsində ancaq mənəm. Hərəsinin öz işi, gücü var.

 

- Məktəb illərindən futbolla məşğul olmusuz. Həm futbol, həm də dərs bir yerdə düz gəlmir. Elə deyilmi?

- Xeyr, mənə problem yaratmırdı. Məktəbə gedəndə dərslərimlə məşğul olurdum, ordan çıxanda isə futbola gedirdim. Bundan əlavə, boş vaxt olanda uşaqlarla küçədə də futbol oynayırdıq.

 

- Mahmud Qurbanov məktəbli illərində heç dərsdən qaçıbmı?

- Dərsdən qaçan... Yox, olmamışam. İnanın, heç vaxt dərsdən qaçmamışam. Heç elə bir şey olmayıb ki, mənim hansısa müəllimdən xoşum gəlməsin və bu səbəbdən onun dərsindən qaçım.

 

- Müəllim silləsi necə, görmüsüzmü?

- Əlbəttə ki, görmüşəm. Elə bir şagird ola bilməz ki, müəllim silləsinin nə olduğunu bilməsin.

 

- Maraqlıdı, nəyin üstündə müəllim sizə sillə vurub?

- Açığı, yadımda deyil. Uşaq olanda şuluqluq edirsən. Yəqin bunun üstündə müəllim mənə sillə vurub.

 

- Məktəb vaxtı davalar az düşmür...

- Olub, bizdə də olub. Təkbətək yox, daha çox sinif sinifə dalaşırdıq. Çünki bizim məktəbdə həm rus, həm də Azərbaycan bölməsi var idi. Onlarla tez-tez mübahisə edirdik. Söhbət uzananda isə davaya çevrilirdi (gülür).

 

- Övladlarınız hazırda məktəbdə oxuyurlar. Onların təhsili ilə maraqlanırsızmı?

- Bəli, üstlərində dururam, yaxşı oxumaqlarını tələb edirəm.

 

- Mahmud Qurbanov bir ata kimi, valideyn iclasında iştirak edibmi?

- Bir-iki dəfə iştirak etmişəm. Valideyn iclaslarına daha çox uşaqların anası gedib. Buna baxmayaraq, onların təhsili ilə həmişə maraqlanmışam.

 

Tengiz MƏMMƏDOV