[b]Möcüzə və hündürə tullanmaq arzuları[/b]
10.04.2018 - 13:12
[b]Möcüzə və hündürə tullanmaq arzuları[/b]

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Roma” “Barselona”nı, “Mançester Siti” isə “Liverpul”u qəbul edəcək.

 

İlk görüşdə böyük hesabla məğlub olan Roma və Mançester təmsilçisi möcüzə reallaşdırmağa çalışacaq. Komandaların baş məşqçi və futbolçularının açıqlamalarından belə qənaətə gəlmək olar.

 

“Barselona” və “Liverpul” cəbhəsində isə vəziyyət daha ürəkaçandı. Rəqibləri üzərində evdə müvafiq olaraq 4:1 və 3:0 hesablı qələbə qazanan adıçəkilən klublar səfərdə üstünlüyü qorumağa çalışacaqlar.

 

Eysebio Di Françesko (“Roma”nın baş məşqçisi): “Bütün gücümüzlə mübarizə aparacağıq. Əzmlə oynayacaq və son fitə qədər inamımızı itirməyəcəyik. Əlimizdən gələni etməliyik. Ancaq indiki “Barselona” da iki həftəyə qurulmayıb. Bu sistemi formalaşdırmaq üçün onlar illərini sərf etdilər. Rəqibin əsl gücü burdan gəlir. Mən isə heç kiməm, özümü “Roma”nın bir parçası hesab edirəm. İnsanları inandırmağa, fikirlərimi çatdırmağa çalışıram. Ruhumu işə qoyuram. Əlbəttə, hamımız səhv edirik. Ancaq bu səhvlərin sayını minimuma endirmək lazımdı. Öz gücümüzə olan inamımız bizi qidalandırmalıdı. “Çelsi”ni öz meydanımızda 3:0 hesabı ilə məğlub etmişik. Bu hesab “Barselona” önündə sərf edir. Bunu təkrarlamağa cəhd edəcəyik”.

 

Raca Naynqqolan (“Roma”nın yarımmüdafiəçisi): “Barselona” ilə ilk görüşü pis keçirməmişdik. Sadəcə, bəxtimizin gətirmədiyini düşünürəm. Əsas odu ki, qürurla oynadıq. İndi isə başımızdan hündürə tullanmalıyıq. Ümid edirəm ki, yaxşı oyun alınacaq və istədiyimiz qələbəni qazanacağıq”.

 

Ernesto Valverde (“Barselona”nın baş məşqçisi): “Roma” bu dəfə daha güclü oynamağa çalışacaq. Əgər qələbə qazanmaq istəyirsənsə, ilk qolu vurmalısan. Onlar meydana bu əzmlə çıxacaqlar. Bu üzdən ehtiyatlı olmalıyıq. Etiraf edirəm ki, məğlubiyyəti hər zaman düşünürəm. Həmçinin qalibiyyət də ağlımdan çıxmır. Düzdü, böyük üstünlüyə malikik, ancaq “Roma”nın yaxşı futbolçulara sahib olduğunu unutmayaq. Matça ciddi yanaşmalı, artıq qələbə qazandığımızı düşünməməliyik. İlk görüşdə əla nəticə əldə etdik. Ancaq indi meydana 0:0 düşüncəsi ilə çıxacaq və yenə qələbə üçün “vuruşacağıq”. Heyətimizdə Messi kimi istənilən vaxt oyunun nəticəsini müəyyən etmək gücündə olan futbolçu var. Rəqibdə isə Dzekodan ehtiyatlanmaq lazımdı. Hədəfimiz hər zaman müdafiə ilə hücum arasında tarazlıq yaratmaqdı. Möcüzə gerçəkləşməsinə imkan verməməliyik. “Roma” bizim rəqibimiz deyil” fikri ilə oynamamalıyıq. Yarımfinalda olduğumuzu düşünmək yanlış olar”.

 

Mark-Andre ter Ştegen (“Barselona”nın qapıçısı): “Əla heyətimiz var və bu, daim gümrah qalmağımıza kömək edir. Meydanda bir-birimizə arxayın ola bilirik. Ən çətin vəziyyətlərdən belə, çıxmağı bacaran oyunçularımız var. Asan oyun olmayacağını dərk edirik. Üstünlük bizim tərəfimizdədi, bunu qorumalıyıq. Hərtərəfli vəziyyət lehimizədi. Ancaq bu o demək deyil ki, işimizi bitmiş sayırıq. Cari mövsüm bizim üçün əla keçir, yüksək səviyyədə çıxış edirik. “Roma” ilə matç da belə olacaq”.

 

Pep Qvardiola (“Mançester Siti”nin baş məşqçisi): “Nə etməli olduğumuzu bilirik. Hücum və əks-hücumlarda dəqiq olmaq lazımdı. Ötən matçda belə, bir neçə dəqiqə ərzində necə təhlükəli anlar yaratmağı bacardığımızı göstərdik. Qol buraxsaq belə, təslim olmamalıyıq. Biz bunu bir neçə dəfə etmişik – qısa müddət ərzində çox qol imkanı yaratmışıq. Şanslarından yararlanmaq lazımdı. Əgər işə yaramırsa, daha çox cəhd etməliyik. Fövqəladə komandam var və onları heç bir rəqiblə müqayisə etmərəm. Mövsümü necə bitirməyimiz önəmli deyil. Bu komandanın məşqçisi olmaqdan zövq alıram. Avropa arenasında titula ehtiyacımız var. Bəlkə də, bu mövsüm yox, gələcəkdə bu turniri fəth edəcəyik”.

 

Fernandinyo (“Mançester Siti”nin yarımmüdafiəçisi): “Təcrübəli futbolçularımız vəziyyətə nəzarət etməli və komandanı düzgün yönləndirməlidi. Ardıcıl iki məğlubiyyətdən sonra ayaqda qalmaq asan deyil. Mövsüm boyu gördüyümüz işi davam etdirməliyik. İngiltərədə çempionluğa yaxınıq və Çempionlar Liqasında da yarımfinala yüksəlmək şansımız var. Asan olmayacaq, ancaq mübarizəni davam etdirəcəyik. Azarkeşlərin dəstəyi ilə sona qədər “vuruşacağıq”. “Liverpul”la 3 dəfə qarşılaşmışıq və evdə onları 5:0 hesabı ilə məğlub etmişik. “Enfild Roud”da isə 10 dəqiqə ərzində 3 qol buraxdıq. Bu, kabus idi. Çempionlar Liqasında 3 top buraxmışıq. Ancaq hər matçın öz tarixi var. “Liverpul”un futbolçuları meydanın mərkəzinə toplaşmağı və uzun ötürmələri sevir. Biz belə oyuna hazırıq”.

 

Yurgen Klopp (“Liverpul”un baş məşqçisi): “Dünyada ideal komanda yoxdu. Müxtəlif anlar, vəziyyətlər, günlər, hətta dəqiqələr var. “Mançester Siti” hamıdan stabil çıxış edir. Buna görə də artıq İngiltərə çempionudu. Ancaq bilirəm ki, onlar qol buraxa bilirlər. Əgər qol buraxırsansa, deməli, məğlub olacaqsan. Rəqibimiz “Mançester Yunayted”lə derbinin ilk hissəsində 5-6 qol vura bilərdi. Möhtəşəm oyun oldu. Sadəcə, “Mançester Yunayted” əlinə düşən imkanlardan lazımınca yararlandı. Avrokubok matçları “Liverpul” üçün xüsusi olur. Burda təcrübəmiz “Mançester Siti”dən çox deyil. Yenə ən yaxşı oyunumuzu göstərməliyik. Hər şey gözlənildiyi kimi olsaydı, “Enfild Roud”da uduzardıq və hazırda Çempionlar Liqasından kənarda qalmaq barədə düşünərdik. Stabil oynamalı, rəqibə problem yaratmaq üçün meydanda çox qaçmalıyıq”.

 

Ceyms Milner (“Liverpul”un yarımmüdafiəçisi): “Mançester Siti” top-klubdu. Matçın nəticəsinə çox şey təsir göstərə bilər. Ancaq biz daha yaxşı vəziyyətdəyik. Hələ heç nə bitməyib. Onların əla kollektivi var və sürətli hücumlar edirlər. Yaxşı müdafiə olunmalıyıq. Yenə qol vuracağımıza ümid edirəm. Meydana ilk görüşü unudaraq qələbə üçün çıxacağıq. Mükəmməl oynamağımıza baxmayaraq, önümüzdə daha 90 dəqiqə var”.