“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “mankunianlar”ın keçmiş çalışdırıcısı Aleks Ferqyusson, həmçinin Covanni Trapattoninin rekordunu təkrarlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis buna Avropa Liqasının 1/4 final mərhələsində “Anderlext”lə keçirilmiş cavab matçından (2:1) sonra nail olub.
Belə ki, Mourinyo məşqçilik karyerası ərzində 10-cu dəfə avrokubokların yarımfinalına adlayıb. Bununla, 54 yaşlı çalışdırıcı həmkarları Ferqyusson və Trapattoniyə çatıb. Bu şəxslərin 2013-cü ildən bəri məşqçilik etmədiklərini nəzərə alsaq, Mourinyonun onları qabaqlamaq şansı yüksəkdi.
Qeyd edək ki, Joze Mourinyo məşqçilik karyerası ərzində “Porto”, “Çelsi”, “İnter” və “Real” klublarını da çalışdırıb.