[b]Olimpiya stadionuna yeni rekord üçün[/b]
08.10.2015 - 15:37
[b]Olimpiya stadionuna yeni rekord üçün[/b]

Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsinin oktyabrın 10-da İtaliya ilə keçiriləcək oyununda yeni rekorda imza ata bilər. Apasport.az saytının məlumatına görə, yığmamız dünya və qitə çempionatlarının seçmə mərhələləri tarixində özünün ən uzun məğlubiyyətsizlik seriyasını gerçəkləşdirmək üçün Bakı Olimpiya stadionundakı debüt matçında uduzmamalıdı.

 

Belə ki, son 4 seçmə oyunundan xalsız ayrılmayan komandamız seriyasını 5-ə çatdırsa, görünməmiş nəticəni reallaşdıracaq. İlk dəfə AVRO-1996-da debüt edən yığmamız əvvəlki 10 seçmə mərhələdə heç vaxt belə uzun müddət məğlubedilməz olmayıb.

 

Martın 28-də Malta (2:0), iyunun 12-də Norveç (0:0), sentyabrın 3-də Xorvatiya (0:0), 3 gün sonra Malta (2:2) ilə görüşən Robert Prosineçkinin yetirmələri xorvatiyalının baş məşqçi təyin olunmasından sonra keçirdiyi 4 matçda 6 xal qazanıb. Bu göstərici ilə futbolçularımız 2 il əvvəlki rekordunu təkrarlamışdısa, artıq yeni nailiyyətin rəsmiləşdirə bilər.

 

DÇ-2014-ün seçmə mərhələsinin 2013-cü ilə təsadüf edən finişində də komandamız ardıcıl 4 görüşdə xal əldə etmişdi. Həmin vaxt Berti Foqtsun çalışdırdığı komanda iyunun 7-də Lüksemburq (1:1), sentyabrın 7-də İsrail (1:1), oktyabrın 11-də Şimali İrlandiya (2:0), 4 gün sonra Rusiyanı (1:1) qələbəyə həsrət qoymuşdu. Həmin vaxt müəyyənləşən, bu il təkrarlanan rekorda qədər isə yığmamız ən yaxşı halda ardıcıl 2 matçda xal qazanmışdı. Maraqlıdı ki, üç dəfə qeydə alınan həmin mini seriyalardan ikisi də tək illərdə - 2009 və 2011-ci illərdə, Foqtsun dövründə

əldə olunub. 2012-2013-cü illərdəki iki oyunluq məğlubiyyətsizlik də almaniyalı ilə qazanılıb.