[b]Portuqaliyalılar coşdu, Bolinya zirvəni tərk etdi[/b]
07.02.2018 - 09:37
[b]Portuqaliyalılar coşdu, Bolinya zirvəni tərk etdi[/b]

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsindən sonra yarışın bombardirlər siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, son 4 qarşılaşma cədvəldə dəyişikliyə səbəb olub.

 

Azərbaycan yığması ilə görüşdə (8:1) pokerə imza atan Portuqaliya millisinin lideri Rikardinyo AVRO-2018-in ən məhsuldar oyunçusu olub. Pireneyli qol sayını 6-ya çatdırıb.

 

Onun komanda yoldaşı Pedro Keri 2 dəfə fərqlənib və Sloveniyadakı turnirdə qol hesabını 4-ə qədər artırıb. İlk iki pillədə qərarlaşan portuqaliyalıları hərəyə 3 qol vuran 3 oyunçu izləyir.

 

Onlardan da biri Rikardinyo ilə Kerinin komanda yoldaşıdı. Bruno Koelyo 3-cü qolunu millimizin qapısından keçirib.

 

Qrup mərhələsindən sonra bombardirlər cədvəlinə başçılıq edən yığmamızın hücumçusu Bolinya da 3 qolla 3-cü yerə şərikdi. Qazaxıstan millisinin üzvü Duqlas Juniorun da hesabında eyni qədər qol var.

 

Qeyd edək ki, bu 5 oyunçudan yalnız Bolinya qol sayını artıra bilməyəcək. Portuqaliya və Qazaxıstandan olan bombardirlər isə komandaları yarımfinala yüksəldiyi üçün yenidən fərqlənmək şansını qoruyur.