[b]Qarşılaşmadığımız “doqquzluq”[/b]
17.09.2015 - 23:41
[b]Qarşılaşmadığımız “doqquzluq”[/b]

Azərbaycan klubları ilə avrokuboklarda qarşılaşan ölkələrin sayı 43-ə çatıb. Apasport.az saytının məlumatına görə, rəqiblərimiz sırasına 43-cü kimi İngiltərə daxil olub.

 

Bu, Avropa Liqasının qrup mərhələsinin ilk turunda gerçəkləşib. İngiltərədə yerli “Tottenhem”lə “Qarabağ” arasında qarşılaşma qitə miqyaslı klub turnirlərində ilk Azərbaycan – İngiltərə dueli olub. Hazırda davam edən qarşılaşmayadək iki ölkə təmsilçiləri üz-üzə gəlməmişdi.

 

Cari mövsümdə Şotlandiya (“Seltik”) və İspaniya (“Atletik”) da rəqiblərimiz siyahısında daxil olmuşdu. Azərbaycan klubları özünün 21 illik avrokubok tarixində 43-cü ölkə təmsilçiləri ilə görüşü başladıqdan sonra qarşılaşmadığımız mümkün rəqiblərin sayı 9-a düşüb.

 

Belə ki, UEFA-ya 54 assosiasiya daxil olduğundan klublarımız 53 ölkə təmsilçisi ilə görüşə bilərdi. Amma UEFA qaydaları Azərbaycan və Ermənistan komandalarının üz-üzə gəlməsinə imkan vermədiyindən təmsilçilərimizin 52 potensial rəqib ölkəsi var. Bunlardan 43-cüsü ilə qarşılaşdıqdan sonra isə yalnız 9-u qalıb.

 

Bunlar Andorra, Cəbəllütariq, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Portuqaliya, Qazaxıstan, San-Marino və İrlandiyadı. Hələ ki, püşk bizi bu “doqquzluq”la üz-üzə qoymayıb.