[b]Qurban Qurbanov son qolunu vurduğu komandaya qarşı[/b]
07.02.2018 - 15:00
[b]Qurban Qurbanov son qolunu vurduğu komandaya qarşı[/b]

Azərbaycan millisinin iyunun 9-da üz-üzə gələcəyi Latviya yığması həm komandamız, həm də baş məşqçi Qurban Qurbanova tanış rəqibdi. Apasport.az saytının məlumatına görə, millimizin səfərdə keçirəcəyi görüş komandaların 4-cü dueli olacaq.

 

Artıq 3 dəfə üz-üzə gələn rəqiblərin bütün matçları Riqada keçirilib. Bu dəfə də meydan sahibi olacaq Latviyanın millimizi hansı şəhərdə və stadionda qəbul edəcəyi hələ dəqiqləşməyib.

 

Maraqlıdı ki, Riqadakı bütün oyunlar heç-heçə nəticələnib. 21 il əvvələ təsadüf edən ilk matç qolsuz bərabərliklə nəticələnib. 5 il sonraya təsadüf edən qarşılaşmada da hesab açılmayıb.

 

Azərbaycanla Latviya arasındakı duellərdəki qolsuzluq yalnız 2004-cü ildə pozulub. 4 qolun vurulduğu həmin matç 2:2 hesabı ilə nəticələnib. 14 il öncəki matç rəqiblərin son qarşılaşması olub.

 

Meydan sahiblərinin hesabı açdığı görüşdə Emin Quliyev bərabərlik qoluna imza atıb. 75-ci dəqiqədə isə Qurban Qurbanov penaltidən yığmamızı önə keçirib. Komandamız üstünlüyünü qoruya bilməsə də, həmin qol tarixə düşüb.

 

Belə ki, Azərbaycan millisinin indiki baş məşqçisi olan Qurbanov futbolçu kimi yığmada son qolunu məhz həmin oyunda vurub. Komandamızın tarixində ən yaxşı bombardir olan sabiq hücumçu 14-cü – sonuncu qolunu Riqada vurub. Maraqlıdı ki, ilk top da Emin üçün yığmadakı son qol olub.

 

Azərbaycan – Latviya: Bütün oyunlar

19 avqust 1997. Riqa. YO. Latviya – Azərbaycan – 0:0
6 iyul 2002. Riqa. YO. Latviya – Azərbaycan – 0:0
6 iyun 2004. Riqa. YO. Latviya – Azərbaycan – 2:2