[b]Qurban Qurbanovun ilk səfər qolu və ya uduzmadığımız rəqib[/b]
08.02.2018 - 12:42
[b]Qurban Qurbanovun ilk səfər qolu və ya uduzmadığımız rəqib[/b]

Azərbaycan millisi martın 23-də yoxlama oyununda üz-üzə gələcəyi Belarusla 3-cü dəfə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, komandalar indiyədək 2 dəfə görüşüb.

 

Rəqiblərin ilk matçı 22 il öncə baş tutub. 1996-cı il mayın 27-də Azərbaycan Molodeçnoda meydan sahiblərinin qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

 

Bütün qolların ikinci hissədə vurulduğu qarşılaşmada Belarus 2 dəfə hesabda önə keçsə də, millimiz hər dəfə tarazlıq yaradlb. Komandamızın ilk qolunu isə 53-cü dəqiqədə Qurban Qurbanov vurub.

 

Hazırda millimizin baş məşqçisi olan mütəxəssis yığmada özünün ilk səfər qolunu vurub. Bunadək yığmada 3 dəfə fərqlənən hücumçu bütün qolları neytral meydanlarda vurmuşdusa, rəqib azarkeşləri önündə ilk uğuruna Molodeçnoda imza atıb.

 

Millimizin heyətində ikinci qolu isə Ruslan İdiqov vurub. Bu, milliləşən legionerin yığmadakı yeganə uğurudu.

 

2001-ci il fevralın 26-da isə Azərbaycan və Belarus Bolqarıstanda görüşüb. Albena toplanışına təsadüf edən matçda cəmi 1 qol vurulub. 9-cu dəqiqəyə təsadüf edən erkən qol millimizə qələbə qazandırıb. Bu qolun müəllifi isə Zaur Tağızadə olub.