İlk dəfə dünya çempionatının final mərhələsində iştirak edən futzal üzrə Azərbaycan yığması 1/8 final mərhələsinə yüksəlib. İranla qrup mərhələsinin oyunundan (3:3) sonra apasport.az saytına müsahibə verən millimizin qapıçısı Rövşən Hüseynli şanslar haqda da danışıb.
- Oyunun bu qədər gərgin keçəcəyini gözləyirdizmi?
- Qarşılaşmaya həyəcanlı başladıq. Çünki oyunun əhəmiyyətini və ağırlığını dərk edirdik. Məsuliyyətimizi anlayırdıq. Rəqibdən belə oyun gözləmirdik. Onlar sürətli başladılar və erkən qol vurdular. Yaxşı ki, hər dəfə cavab qolunu vaxtında vururduq.
- Həyəcan birinci hissədə aşkar şəkildə mane olurdu…
- Məsuliyyətdən irəli gəlirdi. İran Asiya çempionudu, dəfələrlə dünya çempionatının final mərhələsində çıxış edib. Təzyiqə baxmayaraq, tarix yaza bildik.
- Hər dəfə qurtarışlarınla gündəmə gəlirsiniz. Bu dəfə də az top qaytarmadınız. Yorğunluq hiss olunurmu?
- Hər oyundan sonra müəyyən qədər yorğunluq hiss olunur. Bayrağımızı, Azərbaycanımızı təmsil edirik. Bu formanı bizə əmanət ediblərsə, əlimizdən gələni sona qədər etməliyik. Buna borcluyuq. İlk günlər mənə çox güvənmirdilər. Amma üzərimdə çox çalışdım. Yenə “artırmalıyam”.
- İlk hədəf qrupdan çıxmaq idi. Vəzifəni yerinə yetirdiniz. Növbəti hədəf nə olacaq?
- Düz deyirsiz, ən yaxşı üçüncü kimi olsa belə, qrupdan çıxmaq istəyirdik. Qarşımıza bu tapşırıq qoyulmuşdu. Vəzifənin öhdəsindən gəldik. Özümüzə inam artıb. Çempionatın “ölüm qrupu”nda olsaq da, növbəti mərhələyə yüksəldik. Niyə də yeni tarix yazmayaq?
- Növbəti rəqibimiz Tailandın Rusiyaya qarşı oyununu izləmisiniz. Fikriniz necədi?
- Onlar da mərhələ adlayıblar, deməli, çətin olacaq. Bu oyunları unutmalıyıq. Hər matç yeni səhifə deməkdi. Bu səhifəni elə yazmalıyıq ki, oxuyanlar fəxr duysunlar. Rəqibin çatışmayan və güclü tərəfləri var. Düzgün təhlil aparmalıyıq.
- Qrafik millimizin yarımfinala qədər irəliləməsinə imkan verir…
- Bundan maksimum istifadə etməliyik. Tailanda qalib gəldikdən sonra ¼ finalı düşünə bilərik. Addım-addım məqsədə çatmalıyıq.
- 2010-cu ildə ilk dəfə Avropa çempionatında iştirak edən zaman milli ən yaxşı nəticəsinə imza atdı. Bu dəfə də işlər pis getmir. Siftənin bərəkəti nədədi?
- Yəqin ki, debüt etməyimizdəndi. Bu, əlavə güc verir. Özümüzə inam, azarkeş dəstəyi hiss olunur. Komandada ab-hava əladı. Əvvəl kimsə səhv edəndə bir-birimizə qışqırırdıq. İndi kənardan da dəstək hiss edirik.
- Oyunlar zamanı çox gərgin olursuz. Səbəbini izah edə bilərsizmi?
- Belə oyunlarda təcrübəsizəm. Avropa çempionatında debüt etdim. İndi isə mundialda debüt edirəm. Hər dəfə topu qaytaranda həm emosiyalarımı boğa bilmirəm, həm də Allaha şükür edirəm.