[b]Ruslan Əmircanov: Oynamağa imkan vermirdilər - MÜSAHİBƏ[/b]
09.04.2016 - 22:02
[b]Ruslan Əmircanov: Oynamağa imkan vermirdilər - MÜSAHİBƏ[/b]

“İnter”in müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXIX turunda AZAL üzərində (1:0) qələbə qazandınız. Ardıcıl iki uğursuz nəticədən sonra 3 xal qazandınız. Oyunu bu qədər çətinləşdirən nə oldu?

- Güclü komandaya qarşı oynadığımızı bilirdik. AZAL-ın əldə etdiyi nəticələr göz qabağındadı. Bu komanda öz meydanında güclü rəqiblərin hamısına qalib gəlməyi bacarıb. Statistika çox şeydən xəbər verir. Bu da bizi ciddi hazırlaşmağa məcbur etdi. Məşqçimiz də oyundan əvvəl xəbərdarlıq etmişdi. Düzdü, onların zəif tərəflərini öyrənmişdik. Ancaq AZAL da bizi yaxşı təhlil etmişdi, ənənəvi taktikamızla oynamağa imkan vermirdilər. Çalışırdılar boşluq yaratmasınlar. Sona qədər mübarizə apardıq. Müdafiədəki xırda səhvdən istifadə edib, oyunun nəticəsini lehimizə həll etdik.

 

- Fasilədə nəyi dəyişdiniz ki, ikinci hissədə həmin xırda səhvin baş verməsinə nail oldunuz?

- Baş məşqçi "artırmağımızı" tapşırdı. Birinci hissədə topa nəzarət edən tərəf biz olsaq da, hücumlarımız kəsərsiz alınırdı. Yəni ön xətdə bunu göstərə bilmirdik. Bunu düzəltdik və Vüqar Nadirov qol vurmaqla bizə qələbə qazandırdı.

 

- Son iki görüşdə cəmi 1 xal qazanmışdınız. Bu cür qeyri-sabit nəticəyə son qoyulacaqmı?

- Heç bir komanda bütün oyunlarda qələbə qazanmır. Bizdə sabit nəticə əldə edən yalnız “Qarabağ”dı. Futbolda qələbə qazanmaqla yanaşı, yenilmək və heç-heçə etmək də var. Yəni tək bizdə yox, çempionatdakı digər komandalarda da qeyri-sabitlik var. Əlbəttə, biz də belə olmasını istəmirik. Əsas hədəfimiz avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdı.

 

- Qeyri-sabitliyin təsiri çoxdu?

- “İnter” mütəmadi olaraq son illərdə avrokuboklarda oynayıb. Gedib-getməyəcəyimiz hələ bilinmir. Cəza qüvvədə qalsa belə, bu il yer tutub, cəzanı bitirməliyik. Rəhbərliyin tapşırığı da belədi. Əziyyətimizin hədər getməsini istəmirik.

 

- Komandada itkilər çoxdu. Onların necə, təsiri olurmu?

- Nizami Hacıyev komandanın kapitanıdı. Son matçlarda qollar da vururdu. Oyunu ilə milliyə namizəd olduğunu göstərdi. Kamran Ağayev isə millinin qapıçısıdı. Təəssüf ki, onlar hələ ki, bizə kömək edə bilmirlər. Hər ikisi aparıcı oyunçularımızdı. Çalışırıq itkilər nəticələrə təsir etməsin.

 

- Özünüz necə, milliyə dəvət üçün hazırsınız?

- İki oyun oynamaqla fikir yürütmək olmaz. Yeni-yeni əsas heyətdə meydana çıxıram. Oynadıqca formaya düşürəm. Həm də millinin məşqçiləri oyunları daim izləyirlər. Futbolçu meydanda olanda diqqəti cəlb edə bilər. Milliyə getmək özümdən asılıdı. Yaxşı formada olsam, dəvət göndərəcəklər.

 

- Azarkeşlər şəkliniz olan pankart açmışdılar. Bu nə ilə bağlıdı?

- Fanatlarla hər zaman yaxşı münasibətimiz olub. Qalib gəlsək də, məğlub olsaq da hər zaman onlara diqqət göstəririk. Pankartdan xəbərim yoxdu. Biz onlar üçün oynayırıq, onlara borcluyuq. Bizə diqqət yetirdikləri, dəstəklərini əsirgəmədikləri üçün təşəkkürümü bildirirəm.

 

0