[b]Sabiq “Mançester Yunayted”li: Azərbaycanla oyunda elə anlar oldu ki...[/b]
12.06.2017 - 17:21
[b]Sabiq “Mançester Yunayted”li: Azərbaycanla oyunda elə anlar oldu ki...[/b]

“Azərbaycanla matç qrupdakı oyunlarımızın çətin keçdiyini, yaxşı komandalarla qarşılaşdığımızı təsdiqlədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının üzvü Conni Evans deyib.

 

Ölkəsinin mətbuatına açıqlama verən təcrübəli futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda millimizi 1:0 hesabı ilə üstələdikləri oyuna toxunub.

 

“Vest Bromviç”in müdafiəçisi 3 xalı asanlıqla əldə etmədiklərini bildirib: “Qələbə qazanmaq bizə böyük çətinlik hesabına başa gəldi. Çox ağır oyun oldu. Məğlub ola da bilərdik. Düşünürəm ki, hər kəs komandamızdakı intizamı bir daha gördü. Məhz bunun sayəsində qələbə əldə etdik. Kənardan Azərbaycanla matçda yaxşı nəticəyə imza ata bilməyəcəyimiz görünə bilərdi. Elə anlar oldu ki, özümüz də bu barədə düşünməyə başladıq. Amma Stüart Dallas son anda meydana çıxdı və qələbə qolunu vurdu. Bu, əla hissdi”.

 

Evans Azərbaycanla oyunu 2 il əvvəl Macarıstanla keçirdikləri görüşə bənzədib: “Macarlarla qarşılaşma da bu cür keçmişdi, son dəqiqələrdə qol vurmuşduq. Bakıdakı matç məhz həmin oyuna bənzədi. Əsas odu ki, məqsədimizə çatdıq və bu bizə əminlik hissi verir. Baş məşqçimiz Maykl Onil işinə ayırdığı diqqətə və hazırlığa verdiyi önəmə görə bu nəticəni haqq edir. 3 həftə ərzində bütün diqqətimizi yalnız Azərbaycanla oyuna yönəltmişdik. Lakin hələ heç nə bitməyib. Dünya çempionatına vəsiqə qazanmaq yolunda görüləsi işimiz çoxdu”.

 

Sabiq “Mançester Yunayted”li qeyd edib ki, seçmə mərhələdə yaxşı nəticəyə imza atmaqlarında Avropa çempionatında topladıqları təcrübə böyük rol oynayır: “Yığmamızda həmişə ruh yüksəkliyi olub. Oyunçular arasında əlaqə yüksək səviyyədədi. Hətta uğur qazana bilmədiyimiz vaxtlarda da bunun hesabına seçilmişik. İşlər yolunda gedəndə isə özünə inamın artır. Avropa çempionatında qazandığımız təcrübə bizim üçün çox faydalı oldu. Lakin bilirik ki, hazırkı gedişat dəyişə də bilər. İstənilən halda, bu çıxışımızı davam etdirəcəyimizə ümidliyəm”.