[b]Uduzmadığımız və 4 oyuna 2 qol vurduğumuz rəqib[/b]
29.04.2016 - 19:00
[b]Uduzmadığımız və 4 oyuna 2 qol vurduğumuz rəqib[/b]

Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan yığmasının həmin ərəfədə üz-üzə gələcəyi 3 rəqibdən biri də Andorra millisi olacaq. Apasport.az saytının məlumatına görə, bu, komandamızın Andorraya qarşı 5-ci qarşılaşması kimi tarixə düşəcək.

 

Komandalar arasında ilk görüş 1998-ci ilə təsadüf edib. İyunun 24-də Estoniyanın Viliyandi şəhərində yoldaşlıq matçı çərçivəsində keçirilən oyun qolsuz bərabərliklə nəticələnib.

 

Millimiz 2000-ci ildə Maltada meydan sahibləri, Albaniya və Andorranın qatıldığı beynəlxalq turnirdə iştirak edib. Həmin turnir zamanı fevralın 10-da Ta Qali şəhərində Andorra ilə keçirilən matç da 0:0 hesabı ilə başa çatıb.

 

Nəhayət, bu komandalar arasında 3-cü oyunda azarkeşlər qol görə biliblər. Bu da 2008-ci ildə Andorradakı görüşdə mümkün olub. İyunun 4-də tərəflər yoldaşlıq görüşünü La Vella şəhərində keçiriblər. Komandamız bu dəfə meydandan 2:1 hesablı qələbə ilə ayrılmağı bacarıb.

 

Sonuncu sınaq isə 2012-ci ildə Almaniyanın Frankfurt şəhərində olub. Mayın 30-na təsadüf edən yoldaşlıq görüşü yenə 0:0 hesabı qeydə alınıb.

 

Beləliklə, tarixi ərzində Andorra ilə 4 dəfə üz-üzə gələn Azərbaycan yığması bunun 3-də meydanı qolsuz bərabərliklə tərk edib, 1 oyunda isə qələbə qazanıb.

0