[b]Viza ala bilmədilər, Azərbaycana üz tutdular[/b]
18.01.2018 - 11:17
[b]Viza ala bilmədilər, Azərbaycana üz tutdular[/b]

Futzal üzrə Azərbaycan milli komandasının İranla yoxlama matçları keçirməsinin zəmin yaradan səbəb bəlli olub. Apasport.az saytının məlumatına görə, bunu Asiya təmsilçisinin baş məşqçisi Məhəmməd Nazomoşariya açıqlayıb.

 

O bildirib ki, planları pozulduğu üçün yığmamızla oynamağa məcbur olublar: “Sloveniya millisi ilə 2 yoxlama oyunu keçirməli idik. Lakin bu görüşlər baş tutması mümkün olmadı. Bu da bütün planlarımızı pozdu. Əvəzində yanvarın sonunda Bakıda Azərbaycan yığması ilə 2 yoldaşlıq oyunu keçirəcəyik”.

 

İran yığmasının Sloveniya ilə oyununun baş tutmamasına isə viza məsələləri mane olub. Belə ki, Balkan ölkəsinin Tehrandakı səfirliyi futzalçılara yanvarın 15-də təqdim etməli olduğu vizaları  verməyib. Baş məşqçi məsul yarış öncəsi zərbə aldıqlarını qeyd edib: “Çin Taypeyində keçiriləcək Asiya çempionatına hazırlaşırıq. Belə bir vaxtda viza problemi ilə üzləşməyimiz işimizi çətinləşdirdi”.

 

Qeyd edək ki, Azərbaycan və İran yığmaları yanvarın 23-də və 24-də üz-üzə gələcək. Bundan sonra yığmamız Sloveniyada Avropa, iranlılar isə Çin Taypeyində Asiya çempionatına qatılacaq.