Dortmund “Borussiya”sının və Almaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğan bu mövsüm daha oynamayacaq. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi dünya çempionatını da buraxmalı olacaq.
23 yaşlı Gündoğan ötən ilin avqustunda Paraqvay millisinə qarşı oyunda kürək nahiyəsindən zədələnib. O zamandan futbolçunun yaşıl meydana qayıdışı hər dəfə təxirə salınır.
“Borussiya”nın baş məşqçisi Yurqen Klopp artıq bu mövsüm Gündoğanın xidmətindən istifadə edə bilməyəcəklərini açıqlayıb: “O, dünya çempionatını da buraxacaq. Onun sağalması prosesi başa çatmayıb. Vəziyyəti getdikcə yaxşılaşır, amma hələ də zaman tələb olunur. Biz sadəcə gözləməliyik”.
Gündoğanın “Borussiya” ilə müqaviləsi 2015-ci ilin yayında başa çatır. Bəzi xəbərlərə görə, türk futbolçu bundan sonra karyerasını “Barselona”, “Real” və ya “Mançester Yunayted”də davam etdirəcək.