Araz Abdullayev: “Havanın isti olması bizə pis təsir etdi”
17.07.2014 - 23:25
Araz Abdullayev: “Havanın isti olması bizə pis təsir etdi”

 

“Çalışdıq ki, erkən qol vuraq. Bunun üçün hücum etsək də, bəsit səhvlər səbəbindən 2 qol buraxdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Koper”lə qarşılaşan “Neftçi” doğma azarkeşlər qarşısında məğlub oldu. Fasiləyə qədər qapısından 2 cavabsız top buraxan təmsilçimiz yalnız birinin əvəzini çıxmağı bacardı. Düzdür, ikinci hissənin sonlarına yaxın rəqibi tamamilə meydanın özünə aid hissəsinə sıxan “ağ-qaralar” təəssüf ki, məğlubiyyətdən qaça bilmədi. Sağ cinahda yer alan Abdullayev məğlubiyyəti komandanın fasilədən yeni dönməsi ilə əlaqələndirib: “İlk oyunumuz idi. Çalışacağıq ki, səfərdə mərhələ adlayacaq nəticə qazanaq. Rəqib də doğma meydanda açıq futbol göstərəcək. Biz də bundan istifadə etməyə çalışacağıq”.

 

Yarımmüdafiəçi fasiləyə qədər zəif təsir bağışlamalarını isə belə izah edib: “İlk yarıda hava çox isti idi. Bu da bizə pis təsir etdi. İlk 15 dəqiqədə qol vurmağa çalışırdıq. Alınmadı. Biz onları üstələmişdik. 90 dəqiqə hücum etdik. Burda alınmadı. Çalışacağıq ki, azarkeşlərimizi səfərdə qazanacağımız yaxşı nəticə ilə sevindirək”.