Avropa Liqasında görünməmiş qisas
11.04.2014 - 08:00
Avropa Liqasında görünməmiş qisas

Avropa Liqasında görünməmiş hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, yarışın tarixində ilk dəfə 1-ci oyunda 3 top fərqilə uduzan komanda sonda mərhələ adlayıb.

 

Buna İspaniyanın “Valensiya” klubu imza atıb. Pireneylilər ötən həftə İsveçrədə “Bazel” tərəfindən darmadağın edilsə də, 0:3 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Oyunun 90 dəqiqəsində 3 cavabsız qol vuran valensiyalılar əlavə vaxtda daha 2 qol vurmağa nail olub.

 

2009-cu ilin yayından Avropa Liqası adı altında keçirilən yarışlarda bunadək heç bir komanda 3 top fərqini aradan qaldırmamışdı. Amma bu turnirin əvvəlki adı – UEFA kuboku dövründə nəinki 3, hətta 4 topun əvəzini də çıxanlar olub. 1984/85 mövsümündə Serbiya “Partizan”ı İngiltərə “Kuins Park Reyncers”ini (2:6, 4:0), növbəti mövsümdə isə İspaniya “Real”ı Almaniya “Borussiya”sını (Dortmund) əzmkarlıqla (1:5, 4:0) keçmişdi.