Azad Rəhimov “Caspian Cup”dan danışdı
09.06.2014 - 17:08
Azad Rəhimov “Caspian Cup”dan danışdı

“Azərbaycan son illərdə beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmağa başlayıb. Bunun səbəbi müxtəlif idman növləri üzrə idmançılarımızın əldə etdiyi nailiyyətlər, eləcə də Bakıda və respublikamızın digər şəhərlərində təşkil olunan mötəbər turnirlərdir. Sevindirici haldır ki, futbol yarışları da bu baxımdan istisna deyil”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Mayın 28-dən iyunun 6-dək ölkəmizdə IV Caspian Cup beynəlxalq turniri keçirilib. 12 komandanın iştirak etdiyi yarışın qalibi İran komandası olub. Başa çatan turnirlə bağlı Azad Rəhimov təəssüratlarını affa.az saytına bildirib: “2010-cu ildən etibarən AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Caspian Cup beynəlxalq turniri keçirilir. Bu turnir ilk dəfə təşkil olunduğu zaman bildirilmişdi ki, yarış ənənəvi xarakter daşıyacaq və çox müsbət haldır ki, 4 il öncə səsləndirilən bu fikir həyata keçdi. Artıq Caspian Cup ənənəvi bir turnirdir və burada təkcə Avropanı deyil, digər qitələri də təmsil edən komandalar iştirak edir. İndiyə qədər bu turnirdə İspaniya, Türkiyə, ABŞ, Uruqvay, Yaponiya və futbol sahəsində ciddi uğurlara nail olmuş digər ölkələrin komandaları çıxış edib və turnirdən məmnunluqlarını dilə gətiriblər. Bu il Asiya Futbol Konfederasiyasının üzvü olan İran yığması ilk dəfə olaraq turnirdə iştirak etdi və bütün oyunları yüksək səviyyədə keçirərək IV Caspian Cup beynəlxalq turnirinin qalibi oldu. Bu fakt da özlüyündə Caspian Cup turnirinin sərhədlərinin təkcə Avropa ilə məhdudlaşmadığını göstərir. İnanıram ki, bu turnir gələcək illərdə də böyük müvəffəqiyyətlə təşkil olunacaq və biz maraqlı oyunların, idman mübarizəsinin şahidi olacağıq”.

 

Qeyd edək ki, budəfəki beynəlxalq turnirdə ölkəmiz 2 komanda ilə təmsil olunub. U-16 yığmamız X, U-17 millimiz isə III yeri tutub.

 

0