Türkiyədə təlim-məşq toplanışını davam etdirən AZAL baxışa daha bir futbolçu dəvət edib. Apasport.az xəbər verir ki, bu xorvatiyalı hücumçu Yosip Maroşeviçdir.
Son mövsümü Sloveniyanın “Krka” klubunda keçirmiş 27 yaşlı futbolçunun əsas mövqeyi hücumçu olsa da, pleymeyker kimi də çıxış edə bilər. Baş məşqçi Tərlan Əhmədov onu bu gün “təyyarəçilər”in İran U-21 millisinə qarşı keçirəcəyi yoxlama görüşündə sınayacaq.
Bundan başqa AZAL-ın düşərgəsinə baxışa daha 3 futbolçu qoşulub.
Bolqarıstanın “Lokomotiv” klubundan braziliyalı yarımmüdafiəçi Fernando Gilio, İspaniyanın “Ontinyent” klubundan Xuan Xose Pereyra və Yaponiyanın “Tokyo Verdi” klubunun hücumçusu Cimmi Duqlas França paytaxt klubunun Türkiyədəki təlim-məşq toplanışındadır. Onlar haqqında oyunlardan sonra qərar veriləcək.