Hazırlıqlarını Boluda davam etdirən AZAL-ın yoxlama oyunlarındakı bəzi rəqibləri dəyişib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in rəqiblərinin adlarına tam aydınlıq gəlib.
AZAL ilk oyununu bu gün keçirəcək. Yerli vaxtla saat 18:00-da başlayacaq görüşdə rəqib İranın 21 yaşadək futbolçulardan ibarət milli komandası olacaq. Bundan sonra isə ardıcıl 2 rəqib Türkiyə Superliqasının debütantları olacaq. Belə ki, ayın 20-də “Mersin İdman Yurdu”, 23-də isə “Balıkəsirspor” AZAL-ın rəqibləridir.
Tərlan Əhmədovun yetirmələri iyulun 25-də son mövsümün yekunlarına görə Superliqadan I dəstəyə düşmüş “Antalyaspor” ilə üz-üzə gələcəksə, Boludakı son matçdakı rəqib Gürcüstan I divizionunun (Pirveli Liqa) aparıcı klublarından olan “Kolxeti 1913” olacaq.
Qeyd edək ki, bundan əvvəl AZAL-ın İran U-21-nin yerinə həmin ölkənin “Zob Ahan” klubu ilə, “Kolxeti 1913”ün əvəzinə isə “Spartak-Tsxinvali” ilə qarşılaşacağı deyilirdi.